Vətəndaşların DİQQƏTİNƏ: Azərbaycanda bu sahədə CƏRİMƏLƏR ARTIRILACAQ

Yeni qərara əsasən, dəmir yolu keçidlərində keçid qaydalarının pozulmasına görə cərimə 200 AZN, dəmir yolunu piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməyə görə cərimə 40 AZN olacaq.
Dəmir yollarına yaxın ərazilərdə yaşayan və yolu adətən bu ərazilərdən düşən vətəndaşlar isə Azərbaycanda dəmir yollarında yetərincə keçidlərin olmaması səbəbi ilə cərimələrin artırılmasını düzgün hesab etmir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Referans”-a açıqlamasında cərimələrin artırılma səbəblərindən danışıb.
“Ölkənin bir çox yerlərində dəmir yollarında normal şəkildə keçidlər var. Burada keçidlər arasında məsafələr də normal səviyyədə qoyulub. Çox az hallarda ola bilər ki, bu məsələ ilə bağlı hansısa problem olsun. Vətəndaşlar bəzən tənbəllik edirlər bu keçidlərdən istifadə etməyə. Piyadalar arasında məsuliyyətsizlik bu məsələdə baş alıb gedir. Dövlət heç bir səbəb olmadan, əsassız yerə cərimə artırmır. Piyadalar tərəfində belə səhvlərə yol verildiyi üçün müzakirələr əsasında, eyni zamanda vətəndaşların təhlükəsizliyi üçün bu addımlar atılır. Bu baxımdan cərimələr daha da sərtləşdirilir. Burada cərimə marağı sadəcə vətəndaşın təhlükəsizliyi üçün hesablanıb. Azərbaycan dövləti o vəziyyətdə deyil ki, cərimə ilə büdcə artırmağa çalışsın”.
Ekspert qeyd edib ki, burada əsas məsələ yaşayış məskənlərinin dəmir yollarının ətrafında salınmasıdır.
“İcra başçıları, keçmiş nəqliyyata nəzarət edən qurumlar düzgün həyata keçirmədikləri idarə prosesi nəticəsində dəmir yollarının yaxın ətrafındakı torpaqlar yaşayış məqsədilə satılıb. Lakin bu ərazilər yaşayış təyinatlı torpaqlar deyil. Burada ortaya sual çıxır ki, “ O evlər orada niyə və necə tikilib?”. Belə problemləri vaxtı ilə biz özümüz yaratmışıq. İndi isə həllinə çalışırıq. Lakin bəzi vətəndaşlar yanlış düşüncədə olsalar da, etiraz edirlər bu həll yollarına”.
Fidan Vəlisoy