“Azergold” qızıl satışını dayandırdı – Nə baş verir? 

qizilin-satisi-dayandirildi-nbsp-qiymetler-nece-olacaq-1743591000
|
|

Aprelin 1-də  "Azergold” Qapalı Səhmdar Cəmiyyəti rəsmi səhifəsindən həm külçə, həm də sikkə formasında satılan məhsulları yığışdırıb. Gümüş məhsullarının isə satışı davam edir. Beləliklə də sözügedən Cəmiyyət daxili bazarda qızıl satışını dayandırıb.  Ümumilikdə isə ötən il ərzində Azərbaycanda qızılın qiyməti  rekord həddə çatıb.  Bu proseslərinin fonunda Azərbaycanda qızılın qiymətində bahalaşma olacaqmı? 


Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Referans-ın sorğusunu cavablandırarkən bildirib ki, hazırda dünya iqtisadiyyatı böhrana doğru irəliləyir. Böhrana istiqamətlənən dünyanın qızıla tələbatı artıb. Böhran həmişə daha çox iqtisadiyyatın aşağı kateqoriyasında fəaliyyətdə olan subyektər, yəni sahibkarlar hiss edirlər.  Bu halda həmin sahibkarlar yavaş-yavaş öz kapitallarını etibarlı vasitələrlə saxlamağa çalışıb dövriyyəni azaldırlar. Beləliklə də qarşıdakı böhrana hazırlaşırlar. İndi də həmin proses davam edir. Dünyada qızıla tələbat kəskin şəkildə artır. Böyük kapital sahibləri öz ehtiyatlarını böhrandan qorumaqdan ötrü qızıl alışına üstünlük verirlər. Təbii olaraq tələbat artıqca qiymətlər də yüksəlir. 




Ekspert onu da diqqətə çatdırıb ki, dünyadakı qızıla olan tələbat Azərbaycandakı qızıl bazarına öz təsirini birmənalı olaraq göstərməkdədir. Maraqlıdır ki, hazırda qızılın qiyməti tarixdə ən rekord həddədir. Bu da qlobal geosiyasi proseslərlə bağlıdır. Yanvar ayı ərzində Amerika Birləşmiş Ştatlarında Donald Trampın hakimiyyətə gəlməsi qızıl bazarında nisbətən sabitlik yaratmışdı. Bunun səbəbi isə o idi ki, ehtimal olunurdu ki, Trampın hakimiyyətə gəlməsi ilə dünyada bir qədər stabillik olacaq və beynəlxalq iqtisadi böhranın qarşısı alınacaq. Lakin sonrakı mərhələlər göstərdi ki, heç də Tramp qlobal vəziyyəti dəyişməyə qadir deyil. Yenə də dünya iqtisadiyyatı öz tempi ilə böhrana doğru getməkdədir. Həmçinin dünyada qızılın qiyməti də mart ayından etibarən yenidən bahalaşmağa başladı. Eyni proses Azərbaycanda da davam edir.



Bünyamin Bünyadzadə

Referans