Qonşu ölkə tam 10 dəfə SİLKƏLƏNDİ: Azərbaycanda nələr baş verəcək?

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində bir neçə dəfə ard-arda zəlzələ baş verib.
Qardaş ölkə ilə yaxın ərazidə və oxşar seysmik qurşaqlarda yerləşməyimizi nəzərə alaraq Azərbaycanda da güclü zəlzələlərin baş verməsi gözləniləndir?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev “Referans”-a açıqlamasında hazırda ölkə ərazisində olan aktivliklə bağlı danışıb.
“Məndəki olan məlumata görə bu gün təxminən 4 güclü təkan baş verdi İstanbulda. Mən ümumiyyətlə, bununla bağlı əvvəlki müsahibələrimdə qeyd etmişdim ki, Türkiyəli seysmoloqlarla eyni fikirdəyəm, qardaş ölkənin İstanbul şəhəri ətrafında güclü zəlzələ gözlənilir və biz bunun şahidi olduq. Mən həm də əmin idim ki, seysmik və tektonik aktivlik il ərzində dünya miqyasında artıb. Səbəb isə bunun periodik hadisə olmasıdır və il ərzində artması normaldır. 2025-ci il ərzində bu aktivlik belə də davam edəcək. Müşahidə edərək görürük ki, bütün dünyada olan seysmik ocaqlar intensivləşir, aktivləşir. Azərbaycan da seysmik qurşaqda yerləşdiyinə görə bu hadisədən kənarda qala bilməz. Ola bilməz ki, qonşu ərazilərdə aktivlik mövcud olduğu əsnada Azərbaycan təmamilə sabit qalsın. Həmişə qeyd etmişəm ki, Azərbaycan ərazisində yerdəyişmə geodinamikası digər ölkələrlə müqayisədə o dərəcədə də intensiv deyil, aktivdir amma intensivlik azdır. Bu o deməkdir ki, güclü, dağıdıcı zəlzələ Azərbaycan ərazisində gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçınılmazdır. Hiss olunan zəlzələlər dedikdə buna 3, 4.5, 5.5 və s. maqnitudalı zəlzələlər aiddir. Lakin burada dərinlik əsas faktordur. Fərz edək ki, dərinliklərdə ba verən 4.5 maqnitudalı zəlzələ ilə səthə yaxın kiçik intensivliklə dalğaları çatacaq, dalğalar və titrəyişlər o qədər də intensiv olmayacaq. Amma səthə yaxın 3.5 maqnitudalı titrəyişlərdə isə səthə yaxın olduğuna görə daha çox intensivlik hiss ediləcək”.
Seysmoloq Türkiyə ard-arda baş verən zəlzələlərin Azərbaycana təsir etmə qabiliyyətindən də danışıb.
“Belə bir sual ortaya çıxır: İstanbuldakı zəlzələdən sonra Azərbaycanda güclü zəlzələ mümkündürmü? Xeyr, mümkün deyil. Çünki arada məsafə var. Lakin bu zəlzələdən sonra region aktivləşib deyə hiss olunan zəlzələ gözlənilə bilər. Ocaqlar aktivləşməyə başlayır. Əgər bir plitə digər plitə ilə toqquşarsa, bunun sağ-sol cinahları da aktivləşir, onlar da titrəmələr və yerdəyişməyə məruz qalır. Ona görə də Azərbaycan da sabit qala bilməz amma dağıdıcı güclü zəlzələ gözlənilmir, hiss olunan zəlzələ isə gözlənilir”.
Fidan Vəlisoy