“Hoteldə kimlərlə görüşüb?” – İmamoğlunun YENİ GÖRÜNTÜLƏR yayıldı – VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya və terrorla əlaqəli istintaq çərçivəsində, bələdiyyə başqanı Ekrem İmamoğlunun Sarıyer bölgəsində yerləşən bir hoteldə keçirilən gizli görüşünə dair yeni görüntülər üzə çıxıb.
Referans medianews.az- a istinadən xəbər verir ki, sözügedən görüntülər 12 oktyabr 2024-cü il tarixinə aiddir.
Görüntülərdə Ə.İmamoğlunun hotelə gəlməsindən bir müddət əvvəl, onun komandasından bir şəxsin içərisində sənədlər çemodanla birlikdə hotelə daxil olduğu müşahidə olunur. Bundan sonra, görüşün keçiriləcəyi otaqdakı təhlükəsizlik kameralarının mühafizəçilər tərəfindən yapışqan lentlə örtüldüyü görünür. Görüş başa çatdıqdan sonra isə həm Əkrəm İmamoğlu, həm də komandasındakı şəxslərin çemodanlarla hoteldən ayrıldığı lentə alınıb.
İstintaq orqanlarının məlumatına əsasən, bu hadisə çərçivəsində Əkrəm İmamoğlu və onun ətrafında olan şəxslər bir sıra ciddi ittihamlarla araşdırılır. İttihamlar arasında “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “dələduzluq etmək”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi və istifadəsi”, eləcə də “ictimai tender proseslərinə qanunsuz müdaxilə” kimi maddələr yer alır.