Yarım milyonluq qızıl külçələrlə tutulan gömrükçünün məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə gömrükçü Əfsər Mirzəliyev və vətəndaş Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Müttəhimlər ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyərkən yaxalanıblar.
Prosesdə müttəhim Əfsər Mirzəliyevin müdafiəsinə yeni vəkilin qoşulduğu məlum olub. Vəkil məhkəməyə müraciət edərək prosesin təxirə salınmasının istəyib. Bildirib ki, iclasda iştirak edə bilməyəcək. Hakim vəkilin xahişini nəzərə alıb.
Qeyd edək ki, ötən proses də təxirə salınmışdı.
İttihama görə, Mirzəliyevlə Səfərov əlbir olaraq ölkəyə qaçaq yolla külli miqdarda qızıl gətiriblər. Bu məqsədlə İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək ümumilikdə 41 ədəd - 3 kiloqram 145 qram təşkil edən qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər. Külçələrin ümumi dəyəri 461 min manat olub.
Məhkəmənin hazırlıq iclasında Əfsər Mirzəliyevin vəkili Hikmət Əliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin olunmayıb.
Qeyd edək ki, Əfsər Mirzəliyev Cinayət Məcəlləsinin vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıqda, Səfər Səfərov isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddələri ilə ittiham elan edilib. Gömrükçü və onun suç ortağı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda hər iki müttəhim həbsdədir.
Məhkəmənin növbəti iclası mayın 20-nə təyin olunub./musavat.com