Əliyevlə Paşinyanı o görüşdürəcək? - Bakıdan reaksiya 

eliyevle-pasinyani-o-gorusdurecek-bakidan-reaksiyanbsp-1746682453
|
|

  İran vasitəçilik etmək istəyinə düşüb; Bakıdan təşəkkür, lakin...
“İran Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyir”. Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər. “Düşünürəm ki, bu məsələ iki ölkə arasında gündəlik təmaslarda da öz əksini tapacaq”, - Xətibzadə əlavə edib.

Lakin Bakı İrəvanla ikitərəfli danışıqlara üstünlük verir. Hazırda vasitəçiyə ehtiyac yoxdur. İranın isə moderator kimi obyektivliyi şübhə doğurur. Bəli, prezident Pezeşkian səmimi ola bilər və sülhün tərəfdarıdır, lakin İrandakı mövcud siyasi sistemin Azərbaycana baxışında fundamental dəyişiklik olmayıb.

Üstəgəl, nə Tehran, nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun vasitəçiliyinə ehtiyac yoxdur. Bizim işimizə müdaxilə etməsinlər, yetərlidir. Hər halda, İrandan belə bir təşəbbüs səslənir.

Azərbaycan Pezeşkianın vasitəçiliyinə necə baxır? İranın vasitəçiliyi mümkün ola bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərindən sonra Tehran Cənubi Qafqazda öz siyasi, diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tərəflər arasında görüşlərin keçirilməsi, etimadın formalaşması yönündə moderator funksiyalarını üzərinə götürmək istəyir: “Lakin burada hesab edirəm ki, heç bir vasitəçiliyə ehtiyac yoxdur. Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur, uğurla həyata keçirilir. Bir sıra çətinliklər olsa da Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyü, təhlükəsizliyin inkişafı haqqında qəti mövqe var. Əvvəlki dövrlərdə Avropa İttifaqı ilə Rusiya və ABŞ arasında vasitəçilik uğrunda mübarizəni görürdüksə, bu gün buna ehtiyac yoxdur. Bakı və İrəvan da yaxşı anlayır ki, hər bir vasitəçi öz maraqları kontekstində masa arxasına əyləşir və öz maraqlarını güdür. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçiliyi kimi acı təcrübəmiz də var. O dövrdə Fransa, Rusiya və ABŞ öz maraqları müstəvisində Ermənistan-Azərbaycan münaqişəsinin guya həllinə çalışırdılar. Bu gün isə yeni geopolitik reallıqlarda şərtlər, məqsədlər, üsul və vasitələr dəyişib”.

Ekspert vurğuladı ki, hazırda biz Bakı və İrəvan arasında birbaşa dialoq vasitəsilə müəyyən uğurlu nəticələrin əldə edildiyini qeyd edə bilərik: “Qazağın 4 kəndinin Azərbaycana qaytarılması, COP29 tədbirinin keçirilməsi ilə bağlı razılaşmaların nəticələri, sərhəddə baş nazirlərin müavinləri səviyyəsində məhsuldar görüşlər, sərhədlərin delimitiasiyası ilə bağlı əsasnamənin razılaşdırılması və qəbuli, sülh sazişi mətninin demək olar razılaşdırılması kimi nəticələr mövcuddur. Bu cür diplomatik treki kənardan müdaxilə edib məhv etmək doğru olmaz. İrana əlbəttə ki, vasitəçilik təşəbbüsünü irəli sürdüyünə görə təşəkkür edə bilərik. Lakin birbaşa dialoq dediyimiz kimi daha effektlidir. Bütün geopolitik mərkəzlər yaxşı olar ki, birbaşa dialoqa dəstək versinlər”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, prezident Pezeşkianın Bakıya səfəri zamanı vasitəçilik təklifini irəli sürdüyü istisna deyil: “İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb. Tehranın vasitəçilik istəyinin iki hədəfi var:

Birincisi, Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

İkincisi, İrəvanın mövqeyinə yaxın olan gündəliyini - sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək.

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür. Əvvəla, ona görə ki, Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır. İkincisi, regionun gələcəyi, o cümlədən sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir. Üçüncüsü, hazırda İran Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi - Zəngəzur dəhlizinin “qırmızı xətti” olması dəyişməyib. Dördüncüsü, İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları - Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir".

Ekspertin sözlərinə görə, Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.