Bu tibbi xidmətlər ÖDƏNİŞLİ OLACAQ: "Tibbi xidmətlər əlçatan deyil, buna görə vətəndaşlar AĞIR XƏSTƏLİKLƏRƏ TUTULUR"

bu-tibbi-xidmetler-odenisli-olacaq-tibbi-xidmetler-elcatan-deyil-buna-gore-vetendaslar-agir-xesteliklere-tutulur-1746708291
|
|

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığortanın qərarı ilə Azərbaycanda MRT və KT müayinələri ödənişli olacaq. Belə ki, sözügedən müayinələr üçün icbari tibbi sığorta çərçivəsində, dövlət xəstəxanalarında ödənişin 20 faizi tələb olunacaq.


Bu qərardan sonra vətəndaşlar üçün hansı çətinliklər yarana bilər?  


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “Referans”-a açıqlamasında bildirib ki, bugün bütün ölkənin icbari sığortaya pul ödəməsinin səbəbi ölkədəki inkansız şəxslərin, özlərinin və digərlərinin ehtiyac olduqda tibbi xidmətlərdən yararlana bilməsidir. Bəzi insanlar bu quruma illərlə pul ödəyir lakin heç bir dəfə də olsun həmin tibbi xidmətlərdən istifadə etmirlər. Məhz istifadə etməyənlərin xidmətləri də istifadə edənlər üçün istifadə olunmalıdır.




“Bu qərarı olduqca mənfi qiymətləndirirəm. Hazırki sosial situasiyada onsuz da əhalinin böyük hissəsi müxtəlif xəstəliklərlə mübarizə aparır, dərmanlar həddən artıq bahadır, tibbi xidmətlər əlçatan deyil. Belə bir vəziyyətdə icbari tibbi sığorta sonuncu çıxış yolu idi. Ən azından gəliri az olan təbəqə bu yolla öz müayinə və müalicəsini etdirə bilirdi. Amma getdikcə bununla bağlı müəyyən problemlər yaradılır, bəzi xidmətlər çətinləşdirilir, qiymətlər artırılır. Bu artıq işsiz, imkansız təbəqə üçün ciddi problemlər yaradacaq. Digər tərəfdən ölkədə bütün işçilər, fiziki şəxslər, muzdlu işçilər, ştatlı işçilər hər biri İcbari Tibbi Sığorta Fonduna əməkhaqqından pul ödəyir. Bu pul ödənilirsə, bu sistem müəyyən limitlər həcmində tibbi xidmət göstərməlidir. Məsələn, 5000 manata qədər bir şəxs üçün limit qoyulubsa, müəyyənləşmiş bu limitə qədər il ərzində pasiyent nəzərdə tutulmuş bütün xidmətlərdən istifadə edə bilər. Əgər bu limit keçilərsə, bəlkə o zaman pasiyentdən əlavə pul tələb oluna bilər”.


Sosioloq vurğulayıb ki, səhiyyə, tibbi xidmət xalqın qarşısında bir nömrəli, mühüm vəzifədir.


“Dövlətin birinci məqsədi əhalinin, xalqın sağlamlığını təmin etmək olmalıdır. Bu birbaşa milli genefondun sağlam olması, gələcəyin sağlam qurulması, indiki insanların sağlam şəkildə yaşaya bilməsi üçün tətbiq olunan sistemdir. Burada kommersiya maraqları güdmək olmaz. Hökumət bu məsələyə “nə qazandıq, nə itirdik?” formasında yanaşmamalıdır. Səhiyyə sisteminə biznes yanaşması qoymaq olmaz. Bu o deməkdir ki, artıq imkansız təbəqənin tibbi xidmət hüquqları məhdudlaşdırılır və çətinləşdirilir. İmkanı yaxşı olan şəxslər onsuz da icbari tibbi sığortadan istifadə etmirlər. Onların yığılan vəsaitləri ilə imkansız şəxslər üçün daha yaxşı formada tibbi xidmət göstərmək olar”.

 

Elçin Bayramlı qeyd edib ki, hazırda icbari tibbi sığortanın xidmətləri hələ də vətəndaşlar üçün tam olaraq əlçatan deyil. Bu baxımdan onlara əlavə ödənişin tətbiq olunması məntiqəuyğun hesab oluna bilməz.


“İcbari tibbi sığortaya, əsasən, aztəminatlı təbəqə üz tutur. Onlar da onsuz çətinliklə nə isə əldə edə bilirlər. Günlərlə növbəyə dururlar, dərman çatışmazlığı, aparat çatışmazlığı və s. problemlər olduqca çoxdur. Digər tərəfdən də vacib hesab olunan MRT, KT kimi müayinə formalarını ödənişli etmək, nəinki müalicə, insanların müayinə imkanlarını belə məhdudlaşdırır. Ən azından müayinə tam şəkildə ödənişsiz olmalıdır. Belə problemlər olduğuna görə vətəndaşlarımız vaxtında müayinə olub daşıdıqları xəstəliklərdən xəbərdar oluna bilmirlər. Sonradan isə ağır xəstəliklər – xərçəng, ürək-damar xəstəlikləri və s. üzə çıxır və ciddi problemlər yaranır”.

 

Fidan Vəlisoy