Arda Gülərdən səmimi etiraflar - Türkiyə bu məktubdan danışır 

arda-gulerden-semimi-etiraflar-turkiye-bu-mektubdan-danisirnbsp-1746861699
|
|

  "Real Madrid"in və Türkiyə millisinin gənc futbolçusu Arda Gülər "The Players' Tribune" platformasında yayımlanan şəxsi məktubundan danışıb.

O, həyatının dönüm nöqtələrini, yaşadığı çətinlikləri və hədəflərini bölüşüb. Onun məktubu həm Türkiyədə, həm də dünya futbol ictimaiyyətində rezonans doğurub.

Gənc ulduz yazısında yalnız bir futbolçu kimi deyil, yeni nəsil türk futboluna yol göstərmək istəyən bir sima kimi çıxış etdiyini bildirib:

"Türk futbolunun böyük ümidi olduğumu bilirəm, amma tək olmaq istəmirəm. Hər kəsə yol açmaq istəyirəm" .

O, Real Madrid-də keçirdiyi ilk günlərdən, məşqçilərin və komanda yoldaşlarının münasibətindən də bəhs edib. Gülərin sözlərinə görə, David Alaba və Toni Rüdiger Berlində və Vyanada türk icmaları ilə böyüdükləri üçün bir qədər türkcə danışa bilirlər. Alabanın "Qalatasaray" azarkeşi olduğu da məktubda yer alıb.

Arda Güler Çempionlar Liqasının finalından sonra yaşadıqlarını belə ifadə edib:

"Çempionlar Liqasını qazananda çox da böyük töhfə vermədiyim üçün özümü bir az kənarda hiss edirdim. Mikrofonu mənə verdilər, amma o an sadəcə avtobusa minmək istəyirdim. Ancaq dedilər: 'Sən də çempionsan! Çıx və qeyd et!'"

Bu səmimi etiraf futbolçunun uğurlarına baxmayaraq təvazökar və özünə qarşı tələbkar olduğunu göstərir.

"Mən təkcə yaradıcı deyiləm, döyüşçüyəm də".

Güler "Fənərbağça"da forma şansı tapmadığı zamanları da xatırlayıb. Bir dəfə məşq zamanı komandanın heç bir hissəsində yer almadığını deyən futbolçu yağış altında təkbaşına künc zərbələri ilə məşq etdiyini bildirib:

"Evdə çox ağladım. Özümə söz verdim ki, bir daha belə hiss etməyəcəyəm".

O, Avstriya ilə oyundan əvvəl ona qarşı deyilən tənqidi sözləri eşidib və həmin an "Michael Jordan rejiminə keçdiyini" qeyd edib:

"Məni əyirsən? Mən daha çox işləyirəm. Mənim haqqımda pis danışırsan? Səni əzəcəyəm."

Arda həmin matçda komandasına assist verdiyini və cavabını meydanda verdiyini bildirib.

"Real Madrid üçün vacib oyunçu olmaq istəyirəm".

20 yaşını qeyd edən Güler hələ də reallaşdırmaq istədiyi çoxlu arzularının olduğunu və əsas məqsədinin "Real Madrid" üçün vacib bir oyunçuya çevrilmək olduğunu vurğulayıb.///milli.az