Azərbaycanda Çin avtomobillərinə maraq niyə artır?

15.05.2025
-
17:48
|
|
Son zamanlar Azərbaycanın avtomobil bazarında, xüsusilə Çin avtomobillərinin çoxaldığını görürük. Çin istehsalı olan avtomobillərə ölkəmizdə tələbat birdən-birə necə yarandı? Bu avtomobillərin üstünlüyü nədədir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans- a açıqlama verib.
Nəqliyyat eksperti bildirib ki, Vaxtilə Azərbaycana ən çox idxal olun avtomobillər sırasında Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı ölkələrindən savayı Rusiya avtomobilləri də çoxluq təşkil edirdi. Daha sonra Rusiya avtomobil sənayesində durğunluq yaşandı. Rusiyaya Aİ-dən, ABŞ-dan iqtisadi sanksiyaların tətbiq edilməsi Rusiyanın avtomobil sənayesində tənəzzül başlatdı və bundan sonra Rusiya avtomobil sənayesinin yerini Çin avtomobilləri tutmağa başladı. Bu səbəblərdən dolayı Azərbaycanda da indi Rusiya avtomobilləri idxal olunmur.
Çinin özündə avtomobil qiymətlərinin və işçi qüvvəsinin ucuz olması, orda istehsalatın daha ucuz başa gəlməsi, həmçinin Çin dövlətinin əlavə gəlir vergisi ilə bağlı güzəştləri imkan verir ki, Çinli sahibkarlar orada istehsal olunan nəqliyyat vasitələrini ucuz qiymətə xaricə ixrac etsinlər, o cümlədən Azərbaycana. Belə olan halda təbii ki, həmin bu sahibkarlar bizim ölkəmizə də Çin istehsalı olan avtomobillər gətirirlər.
Müsahibimiz onu da xatırladıb ki, Çin brendlərinin, markalarının bizim ölkəmizdə rəsmi diller və distribütorları, rəsmi mərkəzləri də var. Qiymətinin münasib olması, reklam kampaniyalarına daha çox pulların xərclənməsi, dizayn fərqliliyi - daha çox futuristik dizaynı insanları cəlb edir. Sadəcə biz tövsiyə edirik ki, bizim vətəndaşlarımız Çin istehsalı avtomobilləri alanda aldanmasınlar, Çin istehsalı olan avtomobili alanda mütləq onu Azərbaycandakı rəsmi diller və distribütorlardan alsınlar, rəsmi servis mərkəzi olan yerlərdən alsınlar.
"Rəsmi diller və distribütor olan şirkətlər avtomobilə istehsalçı zəmanəti verirlər - 5 il, 7 il, 10 il müddətində. Ki avtomobildə hər hansısa bir problem yaranarsa onu həll etsinlər. Amma qeyri-rəsmi gətirilən, nümayəndəliyi olmayan şirkətlərdən Çin istehsalı olan avtomobilləri almaq bir qədər risklidir", - deyə nəqliyyat eksperti qeyd edib.
Məmmədov Hüseyn
Referans
Referans