Zövq sadəcə əyləncə deyil, bir mədəniyyət göstəricisidir – MÜĞƏNNİ İLAHƏ MURADLA MÜSAHİBƏ…

Referans Medianın “İncəsənət aləmi” rubrikasının qonağı istedadlı ifaçı, peşəkar musiqiçi İlahə Muraddır.
– Salam İlahə xanım, xoş gördük sizi. Lütfən oxucularımıza öz barənizdə qısa da olsa məlumat verəsiniz!
Mən İlahə Murad 18.10.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuşam. Bülbül adına Orta ixtisas məktəbini 2003-cü ildə bitirmişəm. Bülbül adına Orta ixtisas məktəbində təhsil alarkən xalq artisti, mərhum sənətkarımız Əlibaba Məmmədovdan və xalq artisti Simarə İmanovadan muğam dərsləri almışam. 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə daxil olmuşam. Orada təhsil alarkən muğam üzrə xalq artisti professor Arif Babayevdən və xalq artisti Alim Qasımovdan dərslər almışam. Vokal dərslərini isə xalq artisti Samir Cəfərovdan və əməkdar artist Teymur Əmrahdan öyrənmişəm. 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının magistr pilləsinə daxil olmuşam. Orada təhsil alarkən xalq artisti Azər Zeynalovdan və əməkdar artist Ramil Qasımovdan vokal dərsləri almışam. Eləcə də professor, bəstəkar, xalq artisti Siyavuş Kəriminin müxtəlif layihələrində çıxış etmişəm. 2009-cu ildə “Xalq Ulduzu” yarışmasında iştirak etmişdim. Müxtəlif konsert proqramlarında çıxışlar etmiş, hal-hazırda drijor Ellada Məmmədovanın rəhbərlik etdiyi “Qramafon” orkestr ilə fəaliyyət göstərirəm.
– Musiqiyə bu qədər bağlı olmağınızı nə ilə izah edərdiniz? Bu musiqi sevgisi sizdə irsəndirmi yoxsa başqa izahı var?
Düşünürəm ki, musiqiyə bağlılığım bir az irsidir, bir az da ruhumun seçimidir. Anamın səsi vardı çox sevirdi oxumağı hətta deyərdim ki, janrdan asılı olmayaraq, Azərbaycan musiqisinin ensiklopediyasıdır. Mən uşaq ikən mahnıları mənə anam öyrədirdi məndə kiçik yaşlarımdan rayonda keçirilən tədbirlərdə ifa edirdim. Mən musiqini yalnız eşitmirəm – onu hiss edirəm, yaşayıram. Bəzən deyirəm ki, əgər ruhum danışa bilsəydi, mahnı oxuyardı. Bu sevgi bəlkə də mən doğulmamışdan əvvəl içimdə var idi. Uşaq vaxtı mahnı eşidəndə sanki başqa dünyaya düşürdüm. Hər kəs oyuncaqlarla oynayanda mən özümə mikrofon düzəldib oxuyurdum. Bu sadəcə maraq deyil – bu, mənim varlığımın bir hissəsidir. Musiqi məni sakitləşdirir, ağladır, güldürür, sağaldır. Bəlkə də buna görə musiqi mənim üçün sadəcə sənət yox, nəfəs kimidir.
– Bu illər ərzində bu sahədə hansı uğurlar əldə etmisiniz?
Mənim üçün uğur – mahnılarımın insanların həyatına qarışdığını, onların hisslərinə səs olduğunu görmək – bu, mənim üçün mükafatdan da böyükdür. Amma konkret olaraq desəm, bir neçə yerli layihələrdə iştirak etmişəm, iştirak etdiyim konsert proqramları uğurla keçib. Əlbəttə, hələ çatmaq istədiyim zirvələr çoxdur. Amma bu günə qədər gəldiyim yol – zəhmətin, səbrin və sevginin nəticəsidir.
- Sevdiyiniz və üstünlük verdiyiniz musiqi janları hansılardır?
Bütün musiqi janrlarına müraciət edirəm. Çünki səs tembrim həm müğamı dəstəkləyir həmdə opera vakal janrınıda dəstəkləyir. Buda mənim üçün Allahdan verilmiş səsdir ki, bütün janrlara müraciət edə bilirəm. Lakin Ən sevdiyim musiqi janrı klassik musiqilərdir.
- Musiqi fəaliyyətinizlə bağlı yaxın gələcəkdə nə kimi planlarınız var?
Planlarım və istəklərim böyükdür. Lakin bunları həyata keçirmək üçün maddi resurs tələb olunur. İnşallah çalışdığım orkestr ilə canlı konsertlər verməyə çalışırıq. Məncə, musiqinin ruhu canlı ifadadır. Səhnəyə çıxıb dinləyicilərlə birbaşa enerji mübadiləsi etmək – mənim üçün əvəzolunmazdır.
– Sonda musiqisevərlərə, xüsusilə gənclərə və ümumiyyətlə cəmiyyətə demək istədiyiniz nələrsə varmı?
Əvvəla hər kəsə təşəkkür etmək istəyirəm – dinləyən, dəstəkləyən, dəyər verən hər bir insana. Musiqi təkcə səhnədə deyil, dinləyicinin qəlbində yaşayır. Gənclərə demək istəyirəm: özünüz olun. Başqasına bənzəməyə çalışmayın. Hər kəsin səsi, duyğusu, mesajı fərqlidir. Musiqi ilə məşğul olmaq istəyirsinizsə, bu sənətə hörmətlə yanaşın, öyrənin, çalışın və ən əsası – hiss edin. Cəmiyyətə isə bir ricam var: keyfiyyətli sənətə dəstək olun.
Dəyər verdiyiniz musiqi – sabahın zövqünü formalaşdırır. Zövq sadəcə əyləncə deyil, bir mədəniyyət göstəricisidir.
Sonda isə deyərdim: musiqi həyat kimidir – bəzən kədərli, bəzən sevinc dolu… Amma əgər onu ürəklə dinləsəniz, hər notda bir ümid, bir sevgi tapacaqsınız.
Söhbətləşdi- Bünyamin Bünyadzadə
SONDA İSTEDADLI VƏ PEŞƏKAR İFAÇI İLAHƏ MURADA SƏNƏTİNDƏ UĞURLAR ARZU EDİRİK. BELƏLİKLƏ DƏ ONUN İFASINDA KLİPLƏRİ DƏ SİZƏ TƏQDİM EDİRİK: