İsrail-İran savaşı daha da qızışacaq - Azərbaycanı nə gözləyir 

iranin-bu-savasda-uduzmasi-azerbaycana-fayda-verecekmi-1750311683
|
|

İran–İsrail savaşı dünya gündəmini dəyişdi: Ukrayna-Rusiya və Fələstin-İsrail savaşı unudulurmu? Hazırda dünyanın siyasi gündəmini İran–İsrail savaşı zəbt edib. Bu iki dövlət arasında baş verən qarşıdurma, sanki digər qlobal münaqişələri arxa plana keçirməyə başlayıb.


Ukrayna–Rusiya müharibəsi artıq əvvəlki qədər diqqət çəkmir, Fələstin–İsrail qarşıdurması isə mediada görünməz hala gəlib. Bu savaşdan İsrail nə əldə edəcək? İran nələri itirəcək? Çin bu vəziyyətdən hansı fürsətləri qazana bilər? Avropa İttifaqı nə qədər zərər görəcək? ABŞ bu prosesi necə yönləndirəcək? Bəs, bütün bu geopolitik gərginliklər bizim regiona necə təsir edəcək?



Politoloq Natiq Cəfərlinin Referans-a açıqlamasında bildirib ki, İran–İsrail münasibətlərindəki gərginliyin artacağı öncədən hiss olunurdu. Əslində, bu gərginlik addım-addım gəlirdi. İşarələri çox idi. ABŞ ilə İran arasında danışıqlara 60 gün vaxt verilmişdi və bu müddət ayın 13-də başa çatdı. Təəssüf ki, nəticə əldə olunmadı. Elə həmin gün İsrailin İrana hücumu başladı və nüvə proqramını sıradan çıxarmaq üçün konkret addımlar atıldı. Qarşılıqlı raket və hava zərbələri müşahidə etdik.



Natiq Cəfərli hesab edir ki, bu savaş Rusiya–Ukrayna müharibəsi qədər uzun sürməyəcək. İranın uzun müddət müqavimət göstərmək gücü yoxdur. Mən inanıram ki, bu qarşıdurma tezliklə anlaşma ilə nəticələnəcək.




Siyasi analitik həmçinin qeyd edir ki, bu münaqişədən qlobal güclər öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar. Rusiya vasitəçilik təşəbbüsü göstərir, Çin isə narahatlığını ifadə edərək İrana dəstək mesajları verir. Avropa Birliyi daxilində parçalanma müşahidə olunur. Bəzi ölkələr sözdə İsraili dəstəkləsə də, Fələstin məsələsində tənqidlər artır. Hər kəs bu münaqişədən öz maraqları naminə istifadə etməyə çalışır. Azərbaycanın bu müharibədəki mövqeyi isə aydındır. Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlarda balanslı və praqmatik yanaşma nümayiş etdirilib.


Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycan uzunmüddətli müharibənin tərəfdarı deyil. Çünki bölgədə xaosun artması bizim üçün əlverişli deyil. Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü tam bərpa edən yeganə ölkədir və xaotik vəziyyətlər xarici müdaxilələrə qarşı sığortalanmağı çətinləşdirir.



"İranın bölgədə siyasi cəhətdən zəifləməsi Azərbaycanın maraqlarına uyğun ola bilər. İranın təsir gücünün azalması bölgəmiz üçün, o cümlədən Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır",- deyə siyasi ekspert əlavə edib.


Gülgəz Qədirova

Referans