1979-cu ildən bəri yanlış siyasət bu vəziyyətə SƏBƏB OLDU

Hazırda dünyada İran-İsrail müharibəsi ən aktual mövzulardan biridir. Hər gün iki ölkə arasında ciddi qarşıdurmalar var. Bu gün də İsrail tərəfindən daha bir İran generalı öldürülüb. Həmçinin bu gün mətbuatda yayımlanan məlumatlara görə, İsrailin hərbi kəşfiyyatının rəhbəri Şlomi Binder bildirib ki, Tehranın müdafiəsi yarılıb, hazırda xüsusi dəstələrimiz İran hərbi rəhbərliyini məhv etmək üçün İranın paytaxtındadırlar. İsrail müharibədə qalib gələrsə İranda hakimiyyət dəyişikliyi necə olacaq? Ümumiyyətlə bu gərginlik nə qədər davam edə bilər?
Mövzuyla bağlı Deputat Nəsib Məhəmməliyev Referans-ın suallarını cavablandırıb. Həmsöhbətimiz bildirib ki, 5 gündür ki, İsrail -İran qarşıdurması davam edir. Kifayət qədər ciddi nəticələr var. İran silahlı qüvvələrinin, SEPAH-ın ali komanda heyətinin onlarla generalı, kəşfiyyat orqanlarının rəhbərləri, nüvə alimləri məhv edilib. Natanz və İsfahandakı nüvə mərkəzlərinə zərbələr endirilib. Dünya tarixində görünməmiş hadisədir.
Nəsib Məhəmməliyev qeyd edib ki, bütün bunlar, İran kimi böyük bir dövlətin nə qədər zəif, məzlum, biabırçı durumda olduğunu göstərdi. İran molla rejiminin, 1979-cu ildən bəri yanlış siyasət aparması, öz əhalisinə qarşı qəddar davranması, bu vəziyyətə gətirib çıxardı. Uzun illər ərzində milyonlarla insanın beynini yalanlarla, nağıllarla zəhərlədi. Məzhəbçilik zəminində düşmənçilik toxumları səpdi.
Nəsib Məhəmməliyev onu da vurğulayıb ki, İsrail kəşfiyyat rəhbərinin “xüsusi dəstələrimiz, hərbi rəhbərliyi məhv etmək üçün Tehrandadlr” fikirləri ciddi qəbul edilməlidir. Çünki, HAMAS lideri İsmayıl Haniyənin, daha öncə nüvə alimlərinin, son əməliyyatlarda isə, generalların öldürülməsi MOSSAD-ın İranın daxilində oturuşmuş təşkilat olduğunun sübutudur. Bu səviyyədə cəsus şəbəkəsinin yaradılması üçün uzun illər, gərgin əmək və digər resurslar lazımdır. İsrail kəşfiyyatı bunu bacarıb. İnformasiya kimdədirsə, o da qalib gəlir. İndiki halda, İsrail güclü tərəfdir və qalib gələrsə, özünə loyal hakimiyyətin formalaşdıracaq.
"Düşünürəm ki, İsrail qarşısına qoyduğu iki hədəfə, rejimin dəyişdirilməsinə və nüvə mərkəzlərinin dağıdılmasına nail olacaq. Əgər, İranın strateji müttəfiqi Çin dəstək verməsə. Çinin proseslərə müdaxiləsi, müharibənin qeyri-müəyyən vaxta qədər uzanmasına səbəb ola bilər",-deyə millət vəkili qeyd edib.
Ləman Xalıqova
Referans