Fransa və Türkiyədə fəlakət: meşələr yanır, on minlərlə insan köçürülür

fransa-ve-turkiyede-felaket-meseler-yanir-on-minlerle-insan-kocurulur-1751303547
|
|

  Avropada erkən yay istisi səbəbindən Türkiyə və Fransada yanğınsöndürənlər alovlarla mübarizə aparıb, 50 mindən çox insan isə təhlükəsizlik məqsədilə təxliyə olunub.

Referans “Reuters”ə istinadla xəbər verir ki, yüksək temperatur səbəbilə Fransa, İspaniya, İtaliya, Portuqaliya və Almaniyada xəbərdarlıq elan olunub. Hətta daha mülayim iqlimi ilə tanınan Niderlandda belə qarşıdakı günlər üçün yüksək rütubət və temperatur səbəbindən xüsusi xəbərdarlıq edilib.

Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidmətindən bildirilib ki, Qərbi Avropanın böyük hissəsində hal-hazırda adətən iyul və avqust aylarında müşahidə edilən ekstremal istilər və istilik dalğaları yaşanır. Bəzi bölgələrdə temperatur normal göstəricidən 5-10 dərəcə yüksəkdir.

Türkiyənin İzmir vilayətində güclü küləklərin təsiri ilə ikinci gündür davam edən meşə yanğınları ilə mübarizə aparılır. Bunu ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlayıb. Fövqəladə Halların İdarəolunması Agentliyi – AFAD məlumat verib ki, yalnız İzmir daxil olmaqla, beş bölgədə 50 min nəfərdən çox insan təhlükəsizlik tədbiri çərçivəsində təxliyə olunub.

Fransanın cənub-qərbində yerləşən Aude bölgəsində bazar günü başlayan meşə yanğınları nəticəsində 400 hektar ərazi yanıb, bir düşərgə və tarixi abbatlıq təxliyə edilib. Yerli hakimiyyət bildirib ki, yanğınlar nəzarət altına alınsa da, hələ tam söndürülməyib.

Fransa hava xidmətinin məlumatına görə, bazar ertəsindən həftə ortasına qədər ölkənin 101 departamentindən 84-də “narıncı” istilik xəbərdarlığı qüvvədə olacaq. /Globalinfo.az