“Sputnik”in saxlanılan əməkdaşları haqda yeni xəbər

“Sputnik Azərbaycan”ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına əlavə edilib.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Bildirilir ki, iki rus jurnalist müharibə təbliğatı ilə məşğuldur. Onlar iyulun 1-də “Mirotvorets” məlumat bazasına əlavə edilib”, – deyə bildirilib.
Qeyd edək ki, “Mirotvorets” – 2014-cü ildə Kiyevdə təsis olunmuş qeyri-rəsmi veb‑saytdır. Burada ölkənin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa təhdid sayılan şəxslər “Ukraynanın düşmənləri” kimi elan edilir və özəl məlumatları (ad, ünvan, telefon, bəzən sənəd surətləri) sistemli şəkildə yerləşdirilir.
Xatırladaq ki, Azərbaycanın təhlükəsizlik qüvvələri dünən “Sputnik Azərbaycan“ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.