Ruslar qıtlıq qorxusuna düşüblər – Azərbaycan məhsullarını necə ƏVƏZLƏYƏCƏKLƏR?

Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı zorakılığından sonra yaranmış gərginlik Rusiya rəsmilərindən çox, sadə vətəndaşları narahat edib. Ruslar münasibətlərinin kəskinləşməsi səbəbindən bazarlarda meyvə-tərəvəz qıtlığından qorxuya düşüblər.
Rusiyalı iqtisadçı Aleksandr Suetin soydaşlarını inandırmağa çalışıb ki, qısa müddətdə Rusiya bazarlarında azərbaycanlı sahibkarların bazardan müəyyən sıxışdırılması gözlənsə də, uzunmüddətli perspektivdə iqtisadi sağlam düşüncə üstünlük təşkil edəcək və iki ölkənin birgə əməkdaşlığı davam edəcək.
“Son bir neçə gündə Azərbaycanla münasibətlər gərginləşib. Bu vəziyyəti ortaq ticarət dövriyyəsini pisləşdirmədən diplomatik vasitələrlə həll etmək olardı. Ölkələr arasında ticarət dövriyyəsi demək olar ki, 5 milyard dollar təşkil edir. Azərbaycanın tərəvəz və meyvələrinin əsas istehlakçıları Rusiyadır”.
Suetin bildirir ki, bazarlarda bahalaşmadan qorxmağa ehtiyac yoxdur.
“Yeni məhsulun vaxtı yaxınlaşır və qiymətlər ənənəvi olaraq aşağı düşəcək. Rusiyada təzə məhsul yığılıb emal olunana qədər (təxminən oktyabrda) Rusiya-Azərbaycan əməkdaşlığı üçün çox güman ki, müəyyən həll yolu tapılacaq. Əgər bu həll Rusiya istehlakçısı üçün əlverişsiz olarsa, o zaman məhsulun əvəzlənməsi yolları tapılacaq”.
Amma iqtisadçı ekspert Akif Nəsirli rusiyalı həmkarından fərqli düşünür. Rusiyanın Azərbaycana alternativ saydığı ölkələrin də miqrantları mütəmadi olaraq Rusiyada təzyiqlərə məruz qalır.
“Rusiyanın ümumiyyətlə miqrant siyasəti yanlışdır. Nəzərə alsaq ki, Rusiyada işləyən əhali çox azdır. Yəni Rusiyanın işçi qüvvəsi miqrantlar və ya qeyri-rus vətəndaşları hesabınadır. Rusiya iqtisadiyyatının, daxili ticarətinin sütunu miqrantlardır. Onlarsız Rusiyanı təsəvvür etmək mümkün deyil. Bu gün həm digər etnik qruplara, həm də azərbaycanlılara qarşı təzyiqlər davam edir. Bu təzyiqlərə görə də həmin miqrantların fəaliyyəti iflic olur. Bunun nəticəsində də məhsul qıtlaşır. Bazara məhsul çıxaran şəxslər sıxışdırılır, həbs olunursa, təbii ki onun biznesi də dayanacaq”.
Rusiya cəmiyyətində narazılıqlar artacaq
Ekspert bildirir ki, Rusiyada onsuz da çox ciddi inflyasiya gedir. Rusiyaya tətbiq edilən sanksiyalar, gündəlik müharibə xərcləri və s. maliyyə-kredit siyasətində axsamalara gətirib çıxarır. Bu son hadisələr qiymətlərin bahalaşmasına inflyasiyanın sürətlənməsinə imkan yaradır.
Ona görə də Rusiyanın hazırda yürütdüyü bu puç siyasəti uzun müddət davam edə bilməz. Belə getsə, bu siyasət Rusiya daxilində sosial partlayışlara, hakimiyyət böhranına gətirib çıxara bilər.
Ehtiyac rusları dizə gətirəcək
A.Nəsirli həmçinin diqqətə çatdırıb ki, hazırda Rusiyanın əksər ölkələrlə münasibətində dalğalanma müşahidə edilir.
“Rusiya dayanıqlı bir dövlət deyil. Əgər Rusiya və Azərbaycan arasında münasibətlər yenidən normallaşarsa, ikitərəfli əlaqələr bərpa oluna bilər. İndiyə qədər münasibətlərin bu cür korlanmasını, qırılmasını dəfələrlə görmüşük. Hesab edirəm ki, bu da onlardan biridir. Azərbaycanla münasibətləri düzəltmək Rusiyanın özü üçün vacibdir. Ticari əlaqələrin bərpası da elə Rusiya tərəfinin ehtiyacı səbəbindən baş verəcək”.
//
Bizim Media