Bu, son 80 ildə görülməyib: Avropa həyəcan təbili çalır

bu-son-80-ilde-gorulmeyib-avropa-heyecan-tebili-calir-1752518596
|
|

  ABŞ prezidenti Donald Trampın Avropanın müdafiəsinə dair qeyri-müəyyən mövqeyi və Rusiyanın Ukraynadakı hərbi irəliləyişləri Avropa ölkələrində ciddi narahatlıq yaradıb.

Bu fonda bir sıra dövlətlər müdafiə siyasətlərinə yenidən baxır, xüsusilə də məcburi hərbi xidmət məsələsi ciddi şəkildə gündəmə gətirilir.

Fransa prezidenti Emmanuel Makron iyulun 13-də Silahlı Qüvvələrə müraciətində Avropanın təhlükəsizlik baxımından son onilliklərin ən riskli dönəmində olduğunu bildirib. O, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Universal Milli Xidmət (SNU) proqramının payıza qədər yenidən nəzərdən keçiriləcəyini, gənclər üçün yeni hərbi xidmət modelinin tətbiq olunacağını açıqlayıb.

Makron Rusiyanın “imperialist siyasəti və işğalçı niyyətlərini” pisləyərək bu təhdidlərin qarşısında “zəifliklərin gücləndirilməsi” zərurətindən danışıb. O, Avropanın azadlığının İkinci Dünya Müharibəsindən bu yana heç vaxt bu qədər böyük təhlükə ilə üz-üzə qalmadığını vurğulayıb.

Məcburi hərbi xidmət məsələsi təkcə Fransada deyil, bir sıra digər Avropa ölkələrində də aktiv müzakirə olunur. Danimarka artıq qadınlar üçün hərbi xidməti məcburi edib və xidmət müddətini 11 aya qədər artırıb. Baltikyanı ölkələr – Latviya və Litva – icbari hərbi xidməti bərpa edib. Polşa Baş naziri Donald Tusk isə müharibə şəraitində bütün kişilərin hərbi təlim keçməsini istədiklərini bəyan edib. Xorvatiya da bu ildən etibarən yeni xidmət proqramına başlayacağını açıqlayıb.

Almaniyada da məsələ gündəmdədir. Xristian Demokrat İttifaqı (XDİ) məcburi hərbi xidmətin qaçılmaz olduğunu bildirərək dəstəkləyib, lakin koalisiyadakı digər tərəf SPD buna qarşı çıxır. Buna baxmayaraq, ictimai və siyasi dairələrdə bu məsələ getdikcə daha çox diqqət mərkəzinə çevrilir.//Globalinfo.az