Məhkəmə qərarlarının kağız üzərində qalmasının əsas səbəbi bilindi – VƏKİL AÇIQLADI

Azərbaycanda bir çox məhkəmə çəkişmələri illərlə davam etsə də, bu mübarizənin ən çətin mərhələsi bəzən məhkəmə zalında deyil, ondan sonra başlayır. Bu mərhələnin adı icradır.
Vəkil Pərviz Məmmədov Azərbaycanda məhkəmələrin çıxardığı hökm və qərarların icrası vəziyyətindən çıxış edərək müvafiq dövlət qurumlarına sorğu ilə müraciət edib.
Vəkilin sorğusuna verilən rəsmi cavaba görə, yalnız 2024-cü il ərzində ölkə üzrə 1 milyon 230 min icra işi qeydə alınıb. Bu isə o deməkdir ki, hər bir icra məmurunun üzərinə orta hesabla 3 min iş düşür. Elə dövrlər olub ki, bəzi rayonlarda bu rəqəm 5-6 minə qədər yüksəlib.
Bəs yüklənmiş sistemdə “ədalətin icrası” necə təmin olunur?
Pərviz Məmmədovun sözlərinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
Məcburi icra tədbirləri aşağıdakılardır:
- borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
- tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
- tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
- icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
Vəkil deyib ki, icra işlərinin bu qədər yüksək olması ilk baxışda məhkəmələrin işləkliyindən xəbər versə də, əslində bu, daha dərin bir problemin əlamətidir:
“İndi özünüz nəticə çıxarın – 1 icra məmurunun icraatında 3 min iş olarsa, deməli, həmin icra məmuru qarşı tərəfə məhkəmə qərarının könüllü icrası ilə bağlı 3 min bildiriş göndərməlidir. 3 min nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulmaması üçün tədbir görmək, elə işlər də var ki, borclu 1 nəfər deyil, bir neçə nəfərdir. İcra məmurlarının bəzi əmlak reysterlərinə daxil olmaları üçün açıq icazələri var. Bəzi reyestrlərə isə baxa bilmir. Borclunun 3-cü şəxslərdə olan pul vəsaitinin olması ilə bağlı məlumatların araşdırılması üçün də iş aparılmalıdır. Bütün bunlar icra məmurlarının həddindən artıq yüklənməsi deməkdir. Buna görə də icra məmurlarının sayı 400-500 nəfərdən 2 min nəfərə qədər qaldırılmalıdır”.
Bu gün Azərbaycanda məhkəmə qərarı elan edir, lakin vətəndaş öz hüququnu yalnız həmin qərarın yerinə yetirildiyi anda əldə edir. İstər aliment öhdəlikləri, istər borc məsələləri, istərsə də mülkiyyətlə bağlı qərarlar olsun, onların icrası dövlətin hüquq sisteminin effektivliyinin əsas göstəricisidir.
Təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Məhkəmənin qərar çıxarması hələ problemin həll olunması demək deyil. Əksinə, bu, çox zaman yeni bir dövrənin “icra çəkişməsinin” başlanğıcı olur. Tərəflərdən biri qərarı icra etməkdən yayınır, icra məmurları isə müxtəlif bəhanələrlə prosesin uzanmasına səbəb olur.
Əmlakın müsadirəsi, borclunun müəyyən edilməsi, icbari ödənişlərin həyata keçirilməsi kimi icra tədbirləri bəzən aylarla, hətta illərlə gecikir. Bu isə hüquqi dövlət anlayışına ziddir. İcra xidmətinin bu qədər yüklənməsi, təbii ki, oradakı insan resurslarının yetərsizliyi ilə bağlıdır.
Vəkil Pərviz Məmmədovun sorğusuna verilən cavabdan aydın olur ki, bir məmurun masasında 3 min iş var.
Bu, təkcə fiziki deyil, həm də hüquqi baxımdan idarəolunmaz yükləmədir. İşə diqqətlə yanaşmaq, tərəflərlə əlaqə yaratmaq, araşdırma aparmaq və nəticə çıxarmaq bu qədər iş yükü ilə faktiki olaraq mümkünsüzdür. Bundan əlavə, icra sistemində nəzarət və cəza mexanizmləri yetərli deyil. Bəzi hallarda icra məmurlarının səhlənkarlığı, yaxud qərəzli fəaliyyəti vətəndaşların ədalətə olan inamını sarsıdır. İcra məmurlarının fəaliyyətinə nəzarət edən mexanizmlər çox zəifdir və şikayətlər çox zaman nəticəsiz qalır.
Əgər bir məmur il ərzində 3 min işlə məşğuldursa, effektiv nəticə gözləmək qeyri-realdır. Bu sahədə işçi resurslarının artırılması təcili addım olmalıdır. Məhkəmə qərarlarının icrası sadəcə texniki məsələ deyil.Əgər bir vətəndaş illərlə məhkəmələrdə sürünür, nəhayət haqlı olduğu sübut olunur, lakin qərar kağız üzərində qalırsa, bu, ədalətin təhqiridir. Hüquq yalnız məhkəmə zalında deyil, icra məmurunun masasındakı son möhürdə tamamlanır.//
Musavat.com