İki liderin dua üçün açılan əlləri – şükranlıq Tanrıya, mesaj isə…

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Şuşada Yuxarı Gövhər Ağa məscidini birgə ziyarəti sosial şəbəkələrdə, siyasi dairələrdə və ictimaiyyətdə maraqla qarşılanıb. Ziyarət zamanı yayılan görüntülərdə liderlərin dua edərkən əllərinin açılış tərzi və duruşu diqqət çəkib. Müşahidəçilər bu görüntünü islam dünyasında məzhəblərarası həmrəyliyin və birliyin simvolu kimi dəyərləndiriblər.
Globalinfo.az-a danışan deputat Fazil Mustafa türkmən liderin səfərini yüksək qiymətləndirib.
Deputat bildirib ki, Türkmənistan həm qonşu, həm də türk dövləti kimi Azərbaycan üçün mühüm tərəfdaşdır:
“Bu görüş çox vacibdir. Türkmənistanla münasibətlərin inkişafı bizim üçün önəmlidir və bu istiqamətdə atılan hər addımın faydası olacaq. Xüsusilə də Qarabağda bu qədər səmimi və mehriban münasibətlərin formalaşması ümumi işimizə müsbət təsir edir. Türkmənistan da anlayır ki, Azərbaycanla dostluq onun üçün əhəmiyyətlidir. Biz birgə şəkildə bir çox məsələni həll edə bilərik”.
Fazil Mustafa qeyd edib ki, Türkmənistan bir qədər neytral mövqedə dayanan ölkədir:
“Bir sıra beynəlxalq proseslərə və təşkilatlara qatılmır. Amma bununla belə, bizimlə birlikdə olması gələcəkdə müəyyən inteqrasiya proseslərinə qoşulması baxımından da faydalı ola bilər”.
Deputat Ceyhun Məmmədov da iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini bildirib.
O, liderlərin Şuşada Yuxarı Gövhər Ağa məscidinə birgə ziyarətini xüsusi vurğulayıb:
“Həm Azərbaycan, həm də Türkmənistan milli-mənəvi dəyərlərinə və ənənələrinə bağlı ölkələrdir. Hər iki liderin məsciddə dua etməsi insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Bu, eyni zamanda islam dünyasına birlik və bərabərlik mesajı kimi qəbul olunur”.
Deputat xatırladıb ki, Türkmənistanın sabiq prezidenti Berdiməhəmmədov səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsini də ziyarət edib:
“Daha sonra Şuşada məscidlərlə tanış oldu, bu istiqamətdə atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Baş verənlər onu göstərir ki, hər iki dövlət mövcud dəyərləri, dini ənənələri qoruyur və buna ciddi önəm verir. Burada, təbii ki, Azərbaycanın və dövlət başçımızın siyasətini də ayrıca qeyd etməliyik. Bu istiqamətdə həyata keçirilən siyasət ardıcıl, məqsədyönlü və nümunəvidir. Bu, dövlətimizin milli-mənəvi dəyərlər sahəsində verdiyi mühüm töhfələrdəndir”.