Hakan Fidan Suriya ilə bağlı vacib danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya məsələsini ABŞ-ın region üzrə xüsusi nümayəndəsi Tom Barrak və suriyalı həmkarı Əsaad əş-Şeybanı ilə telefon vasitəsilə müzakirə edib.
Referans xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
“Müzakirələr zamanı Suriyada baş verən hadisələr və Ölkənin cənubundakı vəziyyətlə bağlı Əmmanda keçirilmiş danışıqların qiymətləndirilməsi məsələləri müzakirə olundu”, – mənbələr qeyd edib.
Əvvəllər bildirildiyi kimi, Əmmanda İordaniya, Suriya xarici işlər nazirlərinin və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərin mövzusu Suriyanın Əs-Suveyda vilayətində baş verən icmalararası toqquşmalardan sonra sabitliyin möhkəmləndirilməsi olub.
Bundan əvvəl Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şara beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış sülh planına uyğun olaraq Əs-Suveydada atəşkəs rejiminin tətbiq edildiyini açıqlayıb.