Trampın “Zəngəzur planı”nın detalları sızdırıldı - “Gizli memoranduma”da nələr var?

“İndiki geosiyasi kontekstdə bir çox fransız siyasətçiləri Nikol Paşinyan başda olmaqla Ermənistanın Rusiyadan uzaqlaşmaq və Avropa Birliyinə, xüsusən də Fransaya istiqamətlənmək istəyini qeyd edirlər. Ancaq belə bir təsəvvür səhvdir. Əslində Paşinyan özünü heç də “avropalı” siyasətçi kimi göstərmir. Faktiki olaraq o, ABŞ Dövlət Departamentinin və Rəcəb Tayyib Ərdoğanın təsiri altındadır”.
Referans xəbər verir ki, bu iddia İspaniyanın “Periodista Digital” nəşrində dərc olunan məqalədə irəli sürülüb.
Fransadakı erməni diasporunun adının çəkilməsini istəməyən və Ermənistan hökumətindəki təmaslarından istifadə etməyə nail olan nümayəndələrin sayəsində redaksiya “Tramp körpüsü nəqliyyat dəhlizinin yaradılmasına dair anlaşma memorandumu” adlı məxfi sənədlə tanış ola bilib.
Mənbələrin bildirdiyinə görə, bu mətn artıq Ermənistan, Azərbaycan və ABŞ-da razılaşdırılıb.
“Memorandum ikitərəfli iqtisadi dəhliz və “Tramp körpüsü” adı altında regional müdafiə qapısı layihəsinin həyata keçirilməsini nəzərdə tutur. 42 kilometrlik bu nəqliyyat dəhlizi Ermənistanın Sünik rayonundan keçir. Dəhliz Azərbaycanı Ermənistan və İran sərhədləri arasında yerləşən strateji region olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək”, - məqalədə deyilir.
“Erməni diasporunun əlinə keçən memorandumda Ermənistanın Sünik bölgəsi üzərində suverenliyini özündə saxladığı qeyd olunur. Bununla belə, nəqliyyat dəhlizinin müvafiq güzəşti almış özəl Amerika şirkəti tərəfindən idarə olunması nəzərdə tutulur. Dəhlizin istismarından əldə edilən gəlirin bölgüsü bu sazişin fundamental maraqlarını əks etdirir: Amerika şirkəti mənfəətin 40%-ni, Ermənistan isə cəmi 30%-ni alacaq. Beləliklə, Ermənistan faktiki olaraq ən azı 99 il öz ərazisindən imtina edir.
Memorandum Amerikanın əhəmiyyətli kontingentinin Ermənistan ərazisində yerləşdirilməsini nəzərdə tutur. Mövcud məlumata görə, bunlar ABŞ-ın nizami qoşunları deyil, özəl Amerika hərbi şirkəti olacaq. Hazırkı hesablamalara görə, onların sayı təxminən 1000 döyüşçüdür. Bu şirkət nəqliyyat dəhlizi boyunca təhlükəsizliyə cavabdeh olacaq”, - məqalədə qeyd edilir.
Memorandumun şərtlərinə əsasən, şirkətə nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi məsələsində xüsusi rol və “dəhlizin bütövlüyünü qorumaq üçün” güc tətbiq etmək səlahiyyəti verilir.
“İlkin mərhələdə sərhədi ağır silahları olmayan hərbçilər qoruyacaq, lakin bu, ABŞ-ın əsas düşməni olan İranla məsafənin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq”, - deyə "Ermənistan-Amerika memorandumu - Ermənistan üçün fəlakət" məqaləsinin müəllifi qeyd edir ki, bu, kiçik ölkənin problemlərini həll etməyəcək.