Regionun Təhlükəsi

regionun-tehlukesi-1753768249
|
|

Ermənistandakı Metsamor AES “saatlı bomba” kimi təsvir edilir; Rusiyanın dəstəyi ilə işləyən zavodla bağlı şok xəbərdarlıq

Sovet dövründə Ermənistanda tikilən Metsamor Atom Elektrik Stansiyası (AES), mütəxəssislərin fikrincə, ciddi təhlükə yaradır. Zəlzələ zonasında yerləşən zavod “saatlı bomba” və “növbəti Çernobıl” kimi təsvir edilir. 1976-cı ildə açılan və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Zavod 1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlanıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.

Cənubi Qafqaz üzrə ekspert Peter Marko Teys “Daily Mail”ə açıqlamasında zavodun texnoloji cəhətdən köhnəldiyini və maliyyə çatışmazlıqları səbəbindən əhəmiyyətli təhlükəsizlik baxımından böyük risk daşıdığını deyib. “Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Partlayış baş verəcəyi halda o, Çernobıl kimi torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər, onun təsiri illərlə Avropanın səmalarında da hiss edilə bilər”, - deyə Teys bildirib.

Stansiyanın aktiv seysmik qırılma xəttində yerləşdiyinə diqqət çəkən mütəxəssislər, onun struktur təhlükəsizliyinin yetərli olmadığını bildirirlər.

Hazırda zavod Rusiyanın dövlət nüvə enerjisi şirkəti “Rosatom”un texniki dəstəyi ilə işləyir. Teysin fikrincə, bu vəziyyət Kremlə Cənubi Qafqazda enerji siyasətində əhəmiyyətli rol oynamağa imkan verir. “Rosatom”un stansiyadakı iki reaktordan birini modernləşdirməsi gözlənilir, lakin 2023-cü ilin dekabrında imzalanmış müqavilənin həyata keçirilib-keçirilməyəcəyi hələ də bəlli deyil.

Zavodun yaratdığı təhlükəyə diqqət çəkən ekspert Teys beynəlxalq ictimaiyyəti dərhal müdaxiləyə çağırıb. Metsamorun qlobal təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayan Teys bildirib ki, Avropa Birliyi və ABŞ dərhal hərəkətə keçməli və bu “saatlı nüvə bombasını” dayandırmaq üçün təcili tədbirlər görməlidir. O, Metsamor AES-in qlobal təhlükəsizlik və sabitliyə ən ciddi təhdidlərdən biri olduğunu bəyan edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Metsamor AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.Musavat.com