Nazirlikdə yeni təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.
Referans Qaynarinfo.az-a istinadən xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Elxan oğlu Süleymanlı Agentliyin İqtisadi təhlil
şöbəsinin
müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini
Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin
beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının
ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik
məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb.
O əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.
2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.