Fələstinlə bağlı qərar rezonans doğurdu – Xristian dövlətlərindən gözlənilməz PLAN

Son aylarda bir sıra Avropa ölkələrinin Fələstini rəsmi şəkildə tanıyacağını bəyan etməsi qlobal diplomatiyada ciddi rezonans doğurub.
İspaniya, İrlandiya və Norveç kimi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin bu qərarından sonra Fransa, Almaniya və Böyük Britaniya da oxşar
istiqamətdə açıqlamalarla çıxış edib.
Bu addım Aİ-nin ABŞ-ın Yaxın Şərq siyasətindən uzaqlaşmasının ilk real siqnalı kimi dəyərləndirilə bilərmi? Məqsəd həqiqətən də İsrailin Qəzzada
həyata keçirdiyi hərbi əməliyyatlara beynəlxalq təzyiqi artırmaqdır?
Referans xəbər verir ki,Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Avropanın Fələstinin müstəqilliyini tanımaq qərarının həm
uzunmüddətli, həm də cari səbəbləri mövcuddur:
“Uzunmüddətli səbəblər Avropanın, xüsusilə də ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra strateji muxtariyyət
ideyasını reallaşdırmaq niyyətindən irəli gəlir. Məlum olduğu kimi, Avropanın strateji muxtariyyəti məsələsi uzun illərdir gündəmdədir. Mövzu
zaman-zaman Fransa rəhbərliyi tərəfindən aktuallaşdırılsa da, Avropa bütövlükdə bu ideya ətrafında bir araya gələ bilmirdi.
Trampın prezident seçilməsindən sonra transatlantik münasibətlərdə yaranan gərginlik, xüsusən də Avropanın təhlükəsizlik məsələlərində ABŞ-a
etimadının sarsılması bu ideyanı daha da aktuallaşdırdı. Trampın yenidən prezident seçilməsi fonunda Avropada strateji muxtariyyət konsepsiyası
daha geniş dəstək qazanmağa başladı.
Belə görünür, Avropa İttifaqı ABŞ-dan müstəqil güc mərkəzi kimi çıxış etməyə qərar verib. Fələstinin müstəqilliyini tanımaq qərarı da bu
yanaşmanın bir göstəricisidir. Məsələ ilə bağlı ABŞ-dan fərqli, müstəqil mövqe ortaya qoyulur. Burada diqqət çəkən məqamlardan biri də Böyük
Britaniya ilə Avropa qitəsinin paralel mövqe nümayiş etdirməsidir. Britaniyanın hazırkı baş naziri Kir Starmerin dövründə London ilə Brüsselin
ortaq mövqedən çıxış etməsi müşahidə olunur. Yəni Fələstini tanımaq qərarı Aİ-nin beynəlxalq münasibətlər sistemində müstəqil güc mərkəzinə
çevrilmək ambisiyasının nəticəsidir”.