Çin bu “silahla” hücuma keçib: Avropa böyük ziyanda – Azərbaycanda nə baş verir?

Bakıda avtomobil bazarı durğunluq yaşayır. Xüsusilə ikinci əl maşınlara maraq xeyli azalıb. Vaxtilə on minlərlə dollar verilib alınan lüks
avtomobilləri, məsələn, “Mercedes-Benz” markasını indi sahibləri yarı qiymətə belə sata bilmirlər. Alıcıların diqqəti daha çox yeni,
texnoloji üstünlüyü və münasib qiyməti olan Çin avtomobillərinə yönəlib. Bu tendensiya təkcə Azərbaycanda yox, qlobal bazarda da
müşahidə olunur. “Mercedes-Benz”in gəlirləri 56 faiz azalıb, şirkət isə 2027-ci ilə qədər kütləvi ixtisarlar planlaşdırır.
Bəs vəziyyət hara gedir? “Mercedes” kimi lüks markaların taleyi necə olacaq? Bu maşınların sahibləri nə etməlidirlər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Çin istehsalı avtomobillər hazırda əsasən postsovet ölkələrində daha çox
satılır. Onun sözlərinə görə, bu tendensiya gözlənilən idi:
“Postsovet məkanında uzun illər Rusiya istehsalı avtomobillər populyar idi. Xüsusilə Azərbaycanda ən çox istismar olunan nəqliyyat vasitələri
məhz Rusiya avtomobilləri olub. Lakin Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu ölkənin avtomobil sənayesi çökdü və ciddi böhran yaşandı.
Bunun nəticəsində Çin istehsalçıları həmin boşluğu doldurmağa başladı və Rusiya avtomobillərinin ixrac etdiyi bazarlara çıxış əldə etdilər. Bu,
əvvəlcədən proqnozlaşdırılırdı”.
Ekspert ikinci əl avtomobil bazarındakı durğunluğa da toxunub.
O bildirib ki, bazarda fəallığın azalması həm də mövsümi xarakter daşıyır:
Eldəniz Cəfərov
“İlin bu dövründə, xüsusilə yay aylarında avtomobil alqı-satqısında durğunluq müşahidə olunur. Bu tendensiya Azərbaycanda hər il təkrarlanır.
Adətən, sentyabrın ortalarından etibarən bazar canlanmağa başlayır”.
E.Cəfərov qeyd edib ki, Çindən ölkəmizə iki tip avtomobil gətirilir – biri istehsalçının zəmanəti və Azərbaycanda rəsmi nümayəndəliyi olan
avtomobillər, digəri isə zəmanətsiz və rəsmi nümayəndəliyi olmayan modellər:
“Əsas məsələ avtomobilin harada istehsal olunması deyil, onun təhlükəsizlik və keyfiyyət tələblərinə nə dərəcədə cavab verməsidir. Həmçinin,
həmin avtomobil hansı bazar üçün nəzərdə tutulub – bu da vacib faktordur”.
Avropa avtomobil sənayesinin gələcəyinə dair danışan ekspert bildirib ki, bu barədə dəqiq proqnoz vermək çətindir:
“Məsələn, “Mercedes” kimi böyük markaların gələcək taleyini bu gündən müəyyənləşdirmək mümkün deyil. Çünki bu məsələ
birbaşa Avropa İttifaqında baş verən iqtisadi proseslərdən asılıdır. Rüsumlar, işçi qüvvəsi və digər faktorlar da bu sənayeyə təsir edir”./globalinfo