Hövsanda da evlər sökülür? – RƏSMİ

Son bir neçə gündə Keşlə ərazisində dəmiryol zolağında tikilən evlərin sökülməsi prosesi başlanıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Hövsan qəsəbəsində də bu istiqamətdə tədbirlərə başlanacaq.
Maraqlıdır, bu barədə yayılan məlumat nə dərəcədə doğrudur?
Referans xəbər verir ki,məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Bəxtiyar Hacıyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanın dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin
artırılması istiqamətində genişmiqyaslı işlər aparılır:
“Lakin dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin tikililərdə
məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir.
Bildiririk ki, mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və
daha artıq sahəni əhatə edir.
Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə sıx məskunlaşma sakinlərin öz həyatını da riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil
insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir.
Son 3 ildə dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatını itirib və ya ağır
xəsarət alıb.
Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə
qrafikdən çıxması qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar
edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.
Hazırda digər ərazilərdə dəmir yollarının mühafizə zonasında yerləşən tikililərin sökülməsi ilə bağlı qərar yoxdur. Belə bir qərar olarsa, bu barədə
həmin ərazidəki sakinlərə öncədən məlumat veriləcək”