Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

prezident-polis-haqqinda-qanuna-deyisiklikleri-tesdiqledi-1754397253
|
|

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb.


Referans-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Polis haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.


Qanuna əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:

- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;


- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.


Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.