Pensiya kapitalı ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR - Yığılan vəsaitin hamısını götürə bilərik?

Son günlər sosial şəbəkələrdə vətəndaşların “Sea Breeze” yaşayış kompleksindən mənzil ala bilmələri üçün şəxsi fərdi pensiya kapitallarını təmamilə götürərək istifadə edə biləcəkləri ilə bağlı məlumat yayılıb.
Bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sözügedən informasiya realdırmı? Ümumiyyətlə, hansısa halda vətəndaş pensiya kapitalının tamamından istifadə edə bilər? Azərbaycanda vətəndaşlar üçün belə bir güzəşt nəzərdə tutulur?
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Mətbuat katibi Rəşad Mehdili Referans-a açıqlamasında Azərbaycan qanunvericiliyində pensiya kapitalından bu formada istifadənin nəzərdə tutulmadığını deyib.
“Deyilən fikirlər həqiqəti əks etdirmir və şayədir. Çünki qanunvericiliyə görə, vətəndaşın fərdi şəxsi hesabında toplanan pensiya kapitalını birdəfəlik əldə etməsi mümkün deyil”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, bir sıra xarici ölkələrin təcrübəsində artıq bu üsul öz öksini tapıb.
“Pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdəndir. Bununla bağlı 2025-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olundu. Bir sıra ölkələrdə - Sinqapur, ABŞ olduğu kimi pensiya kapitalından istifadə ilə bağlı təklifləri bildirdir. Əsas təklif pensiya kapitalının bir hissəsinin pensiya kapitalının formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan istifadə edilmə imkanının yaradılmasıdır. Məsələn, ABŞ-da minimum pensiya anlayışı ilə yanaşı, həmçinin orta pensiya anlayışı mövcuddur. Daha çox orta pensiya kapitalına malik olan şəxslər həmin kapitaldan istifadə edə bilirlər. Bu həm onlara imkan verir ki, daha tez pensiya kapitalından yararlansınlar, həm də bütövlükdə pensiya kapitalının bir hissəsini istehlaka yönəltsin. Buna görə də oxşar praktikanın tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsini aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir”.
Deputat qeyd edib ki, bütövlükdə pensiya kapitalının bir hissəsindən kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətlərinin ödənişləri üçün istifadə oluna bilməsi pensiya kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda bu rəsmi məşğulluğun genişləndirilməsi və qeyri-rəsmi məşğulluğun payının azaldılması ilə bağlı da olduqca vacibdir.
Fidan Vəlisoy