TƏCİLİ! Bu həftə baş tutacaq görüşdə Azərbaycan-Ermənistan arasında hansı sənəd imzalanacaq? 

tecili-bu-hefte-bas-tutacaq-gorusde-azerbaycan-ermenistan-arasinda-hansi-sened-baglanacaqnbsp-1754487069
|
|

“Azərbaycan və Ermənistan arasında olan münasibətlərin düzəlməsi, yəni sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formada danışıqlar prosesi gedirdi. Ən azından Rusiya, Brüssel, Vaşinqton və s. variantlar var idi amma son olaraq Əbu-Dabidə bu görüş keçirildi. Azərbaycan Prezidenti Qlobal Media Forumunda açıq şəkildə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin bütün şərtləri razılaşdırılıb”.

 

Bu sözləri Referans-a açıqlamasında hərbi ekspert, tanınmış jurnalist Səxavət Məmməd deyib.

 



“Eyni şəkildə Ermənistan tərəfindən də belə bir bəyanat verilmişdi. Sadəcə bu müqavilənin harada və kimin vasitəsilə bağlanacağı məsələsi qalırdı. Burada əsas məsələ Zəngəzur dəhlizinin açılması və Amerika şirkətinin oraya gələcəyi, orada nəzarəti ələ alacağı ilə bağlı fikirlər və iddialar var. Bu fikirlərin artıq gücləndiyinin şahidi oluruq. Ona görə də indiki mərhələdə Amerika variantının daha çox önə çıxdığını və ümumiyyətlə, ABŞ-da belə bir görüşün olma ehtimalını deyə bilərik. Amma sülh müqaviləsi, çərçivə sazişi, niyyət protokulu imzalanacaq? Bunu hələ ki, indidən demək asan deyil. Sülh müqaviləsinin bağlanması ehtimalı yüksək deyil. Çünki müqavilə bağlanarsa, düşünürəm ki, regionda bir qədər problemlər yaranacaq. Çox güman ki, bu problemləri Rusiya tərəfi yaradacaq. Rusiya tərəfi nəinki sülh müqaviləsinin bağlanmasına, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də qarşı olduğunun açıq şahidi oluruq. Rusiya tərəfi yəqin ki, 102-ci hərbi bazanı durduq yerə gücləndirmir. Amerika və Ermənistan arasında hərbi təlimlər gedir və bir gərginliyin olduğunu müşahidə edirik”.

 

Ekspert qeyd edib ki, müharibədən və antiterror əməliyyatından sonrakı bütün gərginliklərin heç biri Azərbaycan və Ermənistandan qaynaqlanmır. Qaynaq mənbəyi, əsasən, Avropa İttifaqı, Fransa, ABŞ və ya Rusiya olur.

 

“Bu proseslə məsələnin həllini tapıb-tapmayacağını demək də hələ ki çətindir. Çünki həqiqətən də, burada maraqları olan insanlar çoxdur. Hazırda bu proseslər əsnasında Rusiya və İranın necə yanaşacağı, necə reaksiya verəcəkləri də məlum deyil. Buna görə də, hesab edirəm ki, Azərbaycan və Ermənistan tərəfi çalışır ki, bu məsələni yekunlaşdıraraq qarşıdakı işlərə - layihələrə baxsınlar. Hər nə qədər Azərbaycan və Ermənistan tərəflərinin niyyəti xoş olsa da, bu regionla bağlı niyyəti xoş olmayan ölkələr də var. Ona görə də bu məsələnin qısa zamanda həll olacağı çox da inandırıcı gəlmir”.

 

Fidan Vəlisoy