Xəzər təhlükədədir: Əgər prosesin qarşısı alınmazsa, dənizin sahilləri yaxın gələcəkdə yalnız xəritələrdə qalacaq

"Son illər Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür. Bu, artıq elmi müzakirə mövzusu deyil, gözlə görünən real təhlükədir".
Referans xəbər verir ki,bu barədə Sherg.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib.
Siyasətçi bildirib ki, qlobal iqlim dəyişmələri, çay axınlarının azalması və insan təsirlərinin yaratdığı mənfi nəticələr dünyanın ən böyük qapalı su hövzəsini geri çəkilməyə məcbur edir:
"Bu prosesin ən ağır fəsadı isə minillərlə formalaşmış təbii ekosistemin dağılmasıdır. Xəzər nərəkimilər üçün dünyanın ən qiymətli məskənlərindən biridir. Bu balıqların yumurtlama yerləri dayaz sahillərdə yerləşir. Suyun çəkilməsi həmin əraziləri yararsız hala gətirir, balıq ehtiyatlarını azaldır və balıqçılıq təsərrüfatına zərbə vurur. Qamışlıqlar və bataqlıqlar isə su quşlarının əsas sığınacaq yerləridir. Dayazlaşma nəticəsində bu təbii zonalar quruyur, köç yolları pozulur, nadir növlərin sayı kəskin azalır".
S.Əsədli bəyan edib ki, su kütləsi azaldıqca, dənizin bəzi hissələrində duzluluq səviyyəsi yüksəlir:
"Şirin suya uyğunlaşmış canlılar üçün bu, ölüm hökmü deməkdir. Bioloji müxtəlifliyin zəifləməsi bütün ekosistemin tarazlığını pozur. Balıqçı kəndlərinin iqtisadi gəlirləri, quş müşahidə turizmi, sahilyanı ərazilərin içməli su mənbələri hamısı təhlükə altındadır. Mütəxəssislər xəbərdarlıq edir ki, əgər prosesin qarşısı alınmazsa, Xəzərin bir çox sahilləri yaxın gələcəkdə yalnız xəritələrdə qalacaq. Xəzəri qorumaq və təkcə su hövzəsini deyil, onun bütün canlı aləmini və təbii həyatını qorumaq deməkdir".