Qafqazda sülh və güc oyunu: ABŞ-ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması…

Ağ Evdə imzalanan sülh razılaşması təkcə müharibəyə son qoyan diplomatik sənəd deyil, həm də bölgədə güc balansını dəyişdirən strateji addımdır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan bu proses, Vaşinqtonun Cənubi Qafqazdakı nüfuzunu illərdən sonra yüksək səviyyəyə qaldırdı.
ABŞ-ın sülh masasında ön sıraya keçməsi Rusiya, İran və Türkiyə kimi region gücləri üçün nə deməkdir?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, dünən imzalanan sənəd Cənubi Qafqaz üçün çox önəmlidir.
Onun sözlərinə görə, bu, bölgəyə sülh və sabitlik gətirə biləcək bir razılaşmadır:
“Səbəbi sadədir: sənəd regionu ABŞ-ın təminatı altına alır. Əvvəllər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda tərəddüd içində idi. Çünki bu, eyni zamanda Türkiyə ilə də əlaqələr tələb edirdi, erməni cəmiyyətində daxili narazılıqlar yaradırdı. Belə ki, onlar Türkiyə və Azərbaycanla yaxınlaşmanı qəbul etməkdə çətinlik çəkirdilər. İndi isə ABŞ-ın iştirakı ilə imzalanan razılaşma bu təzyiqləri azaldır və Paşinyan üçün daxildə dəstək yaradır”.
Politoloqun fikrincə, sənədin imzalanmasından sonra bölgədə Rusiyanın mövqeyinin daha da zəifləməsi gözlənilir:
“Rusiya onsuz da burada nüfuzunu itirirdi, indi qalan dayaqlarını da itirə bilər. İranın isə aqressiv ritorikası yumşalacaq, çünki artıq regionda ABŞ-ın dominant mövqeyi aydın şəkildə ortaya çıxır. Bu, İranın gərginlik yaratmaq imkanlarını məhdudlaşdıracaq. Türkiyəyə gəldikdə isə, onun maraqları tamamilə zərər görməyəcək. Əksinə, sənəd Bakı-Naxçıvan arasında yeni Zəngəzur dəhlizinin, yəni “Tramp körpüsünün” açılmasına şərait yaradacaq. Bu isə türk dövlətlərinin quru əlaqəsini gücləndirəcək və Türkiyənin strateji maraqlarına xidmət edəcək. Beləliklə, sənəd regionda yeni iqtisadi və siyasi reallıqların başlanğıcıdır və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatına xidmət edir”.