İnternet qiymətlərində "kartel sövdələşməsinin" 1 ili tamam oldu - Ekspert

Bu gün ölkədə İnternet qiymətlərində "kartel sövdələşməsinin" 1 ili tamam olur.
Referans xəbər verir ki, bunu AİF prezidenti Osman Gündüz deyib. Osman Gündüz qeyd edir ki, 15 avqust 2024-cü ildə Azərbaycanda dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər EYNİ ANDA internet qiymətlərində minimal tarifləri qaldırıblar:
"Həmin dövrədək Aztelekom tarifləri belə olub :
2022-ci ilədək olan dövr
4 Mb/s - 10 manat
10 Mb/s - 12.5 manat
2022
15 Mbit/s - 15 manat
30 Mb/s - 18 manat
2023
40 Mbit/s – 18 manat
2024, 15 avqust
100 Mbit/s - 25 manat
O zaman bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi kimi uğurlu bir layihədən sonra belə bir qərarın verilməsi həm internet ictimaiyyəti, həm də bəzi dövlət qurumları tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən də bu tariflər regionlar üçün internetə əlçatanlıqda müəyyən problemlər yaradıb".
Ekspertin sözlərinə görə, bu qərar ötən il Antiinhisar tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilərək araşdrımalara başlanılsa da, hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb:
"Tənzimləyici qurum olan İKTA indiyədək də buna münasibət bildirməyib. Müşahidələr göstərir ki, bəzi özəl provayderlər regionlarda internetdən imtina edənlərə, "şərikli internetə" üstünlük verənlərə aşağı tariflərlə də internet xidməti verməkdə maraqlıdırlar və bəzən də bu addımları atırlar.
Lakin minimal tarifin aşağı salınması üçün güman ki onlar dövlət provayderindən - Aztelekom-dan təşəbbüs gözləyirlər.
Aztelekom RİNN tərkibindən ayrılaraq AZCON Holdinq tabeliyinə veriləndən sonra regionlar üçün daha uyğun tariflərlə bağlı seçim imkanlarının yaradılacağı vəd edilsə də, hələ ki, bu reallaşmayıb".(Ucnoqta.az)