İrəvana kritik dəhliz mesajı: Moskva Bakı ilə səs-küylü razılaşmanı “sildi”

Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) ilə bağlı son açıqlamaları maraqla qarşılanıb. Overçuk İrəvanın uyğun hesab edəcəyi təqdirdə Moskvanın bu məsələyə dəstək göstərə biləcəyini deyib.
O, Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğunu vurğulayıb və ölkəsinin Cənubi Qafqazda sülhü dəstəklədiyini bildirilib. Moskva rəsmisi həm Bakı, həm də İrəvanla bəzi məsələlərin dəqiqləşdirilməli olduğunu söyləyib.
Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Overçukun açıqlamasında diqqət çəkən bir neçə məqam var:
“Birincisi, o, Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğunu xüsusilə vurğulayıb. Bu, əsasən, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə aiddir. Amma Zəngəzur dəhlizi həm də Azərbaycanla bağlı məsələdir. O baxımdan, baş nazirin müavini unutmamalı idi ki, Rusiya Azərbaycanla da strateji müttəfiqdir. Yoxsa Moskva artıq bunu unutmağa çalışır?
İkincisi, Overçukun, “Əlbəttə, açıq şəkildə əldə edilə bilən razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, biz Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə dəqiqləşdirməli olacağıq” – fikri göstərir ki, Rusiya anlaşmadan tam razı deyil və gələcəkdə reallıqları dəyişməyə çalışa bilər”.
Ekspertin sözlərinə görə, prosesdə ən mühüm məqam ABŞ-ın artıq Cənubi Qafqazda olmasıdır:
“Avqustun 8-dən sonra yaranan reallıqların müəllifi Vaşinqtondur. Moskva bunu bilir və münasibətləri gərginləşdirmək istəmir, çünki nəticəsi ağır ola bilər.
Ümumiyyətlə, bölgədə çox ciddi proseslər baş verir. ABŞ Rusiyaya təzyiqləri artırır, nəticədə Kreml soyuqqanlı davranmağa məcburdur. Əks halda, yeni cəbhənin açılma təhlükəsi var”.