Maestro Niyazinin məzarı ziyarət olundu

maestro-niyazinin-mezari-ziyaret-olundu-1755702998
|
|

  Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, Azərbaycanın və SSRİ--nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 113-cü ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.

Referans xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin ev-muzeyinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Bu gün həmçinin Niyazinin ev-muzeyində “Açıq qapı günü” və tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və sənətkarın ev-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin Azərbaycan musiqi tarixindəki rolundan danışıblar.

Sonra Xanımbacı Abdinova ”Niyazi xatirələrdə” kitabının davamı olan “Niyazi: məqalələr və məruzələr” kitabının elektron variantını təqdim edib.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Aliyə Zamanova maestro Niyazi haqqında xatirələrini bölüşüb, müəllifi olduğu “Mənim Niyazim” kitabını muzeyə və tədbir iştirakçılarına bağışlayıb.