Ölkədə İNTERNET ÇÖKDÜ: Nə baş verir?

olkede-internet-cokdu-ne-bas-verir-1755780752
|
|

Xəbər verdiyimiz kimi, hazırda ölkənin internet sistemində müəyyən problemlər müşahidə olunur. Problemin həm internet provayderlərində, həm də mobil operatorlarda özünü göstərdiyi deyilir.

 

Yaranan problemin səbəbi ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.

 

Baş verən problemin kökündə nə ola bilər? Ölkənin internet sisteminin çökməsində əsas səbəblərin hansılar olduğu ehtimal olunur?

 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Referans-a açıqlamasında mümkün ehtimallardan danışıb.

 



“Belə hallarda müxtəlif problemlərin olması mümkündür. Dünya təcrübəsində olan bəzi məsələləri ümumilikdə qeyd etmək olar. Birinci növbədə, infrastruktur problemi: Data mərkəzi, kabellər, enerji. Yanğın, fiziki zərərlər və uzun müddətli elektrik kəsintisi. Router, switch, server və ya digər əsas kabel və avadanlıqların sıradan çıxması geniş miqyaslı kəsintiyə səbəb ola bilər. Konfiqurasiya səhvləri və insan faktoru. Bir sorğuda isə göstərilir ki, 2023-cü Uptime Resiliency Survey-a görə, kəsilmələrin 45 %-i konfiqurasiya uğursuzluğu, 39 %-i isə üçüncü tərəf təminatçılarla bağlı problem səbəb olur. Kiberhücumlar və DDoS kimi hücumlar - belə hücumlar sistemi yükləyərək ya da yönləndirməni pozaraq interneti əlçatan olmaqdan çıxarır”.

 

Mütəxəssis bildirib ki, hazırda Azərbaycan üçün səciyyəvi olmasa da, təbii fəlakətlər və ekstremal hadisələr də internet kəsintisinə səbəb ola bilir. Tornadolar, sel, güclü yağış kimi hadisələr kabel və infrastrukturun fiziki zədələnməsinə gətirib çıxarır. Daha çox nəzəri səviyyədə olsa da, solar fırtınaların internet üzərində külli miqdarda kütləvi təsir potensialı vardır.

 

“Böyük trafikin olduğu zamanlarda marşrutlarda sıxlıqlar yarana bilər. Bu, vətəndaşların sürətli və sabit internetə çıxışını əngəlləyə bilər. Operatorlar arasında düzgün və effektiv trafik yönləndirmə əlaqələrinin olmaması internet xidmətinin yavaşlamasına və ya kəsilməsinə gətirib çıxara bilər. Qəsdən kəsilmələr də istisna olunmayan səbəblərdəndir. Siyasi tədbirlər, təhlükəsizlik səbəbləri və ya imtahan kimi hadisələr zamanı edilə bilər. Bəzi ölkələr imtahan vaxtları mobil interneti qısa müddətlik dayandırılır”.

 

Bəhruz Əliyev son olaraq qeyd edib ki, ümumilikdə, bu cür kütləvi internet kəsintisi çox zaman infrastruktur nasazlığı, konfiqurasiya və insan səhvləri, təbii hadisələr, kiberhücumlar və bəzən siyasi hadisələrlə əlaqədardır. Hal-hazırda heç bir dezinformasiya qurbanı olmadan rəsmi mənbələrdən sadəcə rəsmi məlumatı gözləmək və sadəcə rəsmi mənbələrə etibar etmək lazımdır.

 

Fidan Vəlisoy