Falçıya gedənlər DİQQƏTLİ OLSUN! – Cərimələrin tətbiqi GÜNDƏMDƏ

Xurafatla mübarizə kimi artıq bəzi ölkələrin hökümətləri qanunlara əlavələr edərək cərimə tətbiqinə keçməyi planlaşdırır. Azərbaycanda da falçılar açıq şəkildə fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə canlı yayım edən “müasir cadugərlər”, özünü reklam edən baxıcılar var. Onların müştəriləri heç də az deyil.
Bəs əgər Azərbaycanda falçıya və onun yanına gedənlərə cərimə tətbiq olunsa, vəziyyət necə dəyişər?
Suala cavab olaraq hüquqşünas Vüsal Cəfərov Bizim.Media-ya bildirdi ki, hazırda falçılıq fəaliyyəti nə inzibati, nə də cinayət məsuliyyəti ilə qadağan olunmur. Lakin onların əməllərindən zərərçəkmiş insanlar olarsa, dələduzluq maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər:
“Zərər 500 manatdan çox olduqda Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə, 500 manatdan az olduqda isə inzibati məsuliyyətə cəlb olunurlar”.
V.Cəfərov diqqətə çatdırdı ki, əvvəlcə falçıların reklamlarına qadağa qoyulmalıdır. Çünki reklam haqqında qanunvericiliyində falçıların reklam olunması ilə bağlı qadağa yoxdur.
“Cərimə ən yaxşı təsir növüdür, amma bu cərimələri tətbiq etməkdən ötrü əvvəlcə fəaliyyət növünü qanunla qadağan etməliyik. Ona görə də qanunvericilikdə, İnzibati Xətalar Məcəlləsində bu bir xəta kimi təsbit olunmalıdır və həmin maddənin də cəza tədbiri olaraq sanksiyası olmalıdır. Qadağanedici normanın pozuntusundan irəli gələn səbəblərdən cərimə tətbiq oluna bilər”.
Qeyd edək ki, Tacikistanda 2024-cü ildə falçılıq və cadugərliyə görə cəzalar tətbiq edilib. Bu günlərdə isə parlament falçı və cadugərlərin xidmətlərindən istifadə etməyə görə cərimələrin tətbiqini təklif edib. Tacikistan İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsinə “cadugərlərin və falçıların xidmətindən istifadə etmə” bəndi ilə əlavə edilməsi planlaşdırılır.
Dəyişiklik qəbul olunarsa, falçıya baş çəkən şəxslər 750 somoniyədək (təxminən 140 manat) cərimə olunacaqlar