“Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” – Məhkəmə

mehriban-abasquliyevaya-sikayet-edende-bize-qapini-gosterirdi-mehkeme-1756108009
|
|

  Respublika Perinatal Mərkəziində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Referans  APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Firuzə Məmmədova ifadə verərək bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır.

“Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri olub. Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda həyata keçirilirdi. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küvezin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küvez yerləşdirilmişdi. Hər küvez 1 panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxluğundan elektrik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Uşaq çox idi. Biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını “tok” vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu”, – o deyib.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni təsdiq edib.

Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Günel Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və mərkəzdə iki il fəaliyyət göstərib:
“Əvvəllər yenidoğulmuşların intensiv terapiya bölməsində iki otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra otaq sayı 4-ə çatdırıldı. Hətta bu sayı 6 etmək istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədə Mehriban Abasquliyevaya bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək “Kim istəyirsə, ərizəsini yazıb işdən çıxa bilər, qapı açıqdır”, – deyirdi. Biz də işimizin xətrinə heç nə deyə bilmirdik. Biz küvezləri panelə qoşurduq. Bəzən bizi “tok” vururdu. Yerimiz olmayanda panellərə elektrik uzadıcısı qoşurduq. Qadağa ilə bağlı bizə məlumat verilməyib. Biz bunu etməyə məcbur idik. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş ağırlığından su belə içməyə vaxt olmurdu ”.

Daha sonra şahid qismində İlahə Nuriyeva ifadə verib

 
“Şöbədə 2010-cu ildən çalışıram. Öncə çalışdığım şöbə bağlandığı üçün mən bu şöbəyə keçdim. Hadisə günü mən işdə olmamışam. İşimi təhvil verib getmişdim. Amma iş yükümüz çox ağır idi. Əvvəl həm otaq, həm də uşaq sayı az idi. Lakin otaq sayı 4 olduqda işimiz çox ağırlaşdı. Tibb bacısı az idi. Bununla bağlı rəhbərliyə məlumat versək də, bir xeyri olmadı. Otaqda əvvəllər küvez sayı 3-dək olurdu. Lakin sonradan bu say 4-dən artıq oldu. Panellərə uzadıcı qoşurduq. Həmçinin panellərdə açıq olan hissələr var. Bizi “tok” vururdu. Rəhbərliyə məlumat versək də, tədbir görülümürdü”.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzi PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.