ABŞ-də təhsil almaq istəyənlərin nəzərinə: Qaydalar sərtləşdirilir

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) əcnəbi tələbələrin ölkədə qalmasına icazə verilən müddəti məhdudlaşdırmaq üçün yeni qayda layihəsi təqdim edib.
Referans xəbər verir ki, 1978-ci ildən bəri F vizası ilə ABŞ-da təhsil alan tələbələr "status müddəti" əsasında - yəni tam zamanlı tələbə olduqları müddətdə ölkədə qala bilirdilər. Yeni qaydaya əsasən isə bu müddət təhsil proqramının davametmə müddəti ilə məhdudlaşdırılacaq və maksimum 4 il olacaq.
DHS rəsmiləri bildiriblər ki, dəyişiklik "əbədi tələbə" halına gələnlərin sistemdən sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Departamentin açıqlamasında qeyd olunur ki, əvvəlki administrasiyalar vizaların qeyri-müəyyən müddətə uzadılmasına imkan yaradaraq təhlükəsizlik riskləri və əlavə maliyyə yükü formalaşdırıb.
Əgər təklif qəbul olunarsa, ABŞ-da daha uzun müddət qalmaq istəyən xarici tələbələr DHS tərəfindən müntəzəm olaraq qiymətləndirilməli olacaqlar.