AZAL-ın bahalı biletlərinə "ucuz müdafiə": "Məntiqsizlikdir"

“Aviasiyada xidmət məsələsi əsas problemlərdən biridir”.
Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat deyib ki, ildə təxminən 5-6 dəfə xaricə gedib-gəlir:
“Başqa təyyarələr ilə uçuram, onlarda xidmət bizdən daha yaxşıdır. Bundan əlavə, qiymətlər əhalini narahat edən məsələlərdəndir. Bizdə qiymətlər yüksəkdir. Qiymət səviyyəsi bizim əhalinin aldığı gəlirlərlə mütənasiblik təşkil etmir. Aviasiya artıq özünü maliyyələşdirməlidir. Aviasiyanın gəlirlərinə baxanda görürük ki, kifayət qədər gəlirləri var. Bu il öz hesablarına üç təyyarə alınması müsbət haldır”.
Məsələyə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov reaksiya verib:
“Qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması, saxlanılması və s. təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır. Bu il dövlət büdcəsindən AZAL-a maliyyə daxil olmayıb. Düzdür əvvəlki illərdə olub və indi də AZAL özü xərcləri qarşılamalıdır. Qətiyyən demək istəmirəm, qiymət olduğu kimi qalacaq. Lakin təəssürat yaranıb ki, qiymətlər həddən artıq yüksəkdir, amma bu, belə deyil. Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Bundan əlavə, təyyarələrin dəyişilməsi prosesinə də start verilib”.
Qeyd edək ki, təyyarə biletlərinin qiymətinin baha olması uzun müddətdir ki, əhali tərəfindən narazılıqla qarşılansa da, bu istiqamətdə elə bir irəliləyişə nail olunmayıb. Yalnız hansısa kampaniya çərçivəsində biletlərin qiymətində bir qədər fərq hiss etmək mümkün olur ki, bu da nadir hallarda müşahidə edilir. Quru yollarının bağlı olması ilə bağlı vətəndaşların yalnız təyyarədən istifadə imkanı qalır ki, əhali də həmin baha qiymətlərə bilet almaq məcburiyyətində qalır.
Bunun nəticəsidir ki, vətəndaşlar qonşu Gürcüstana gerib, oradan digər ölkələrə səfər edilməsinin daha uyğun olduğunu deyirlər.
Doğurdanmı, bu gün ölkəmizdə təyyarə biletlərinin baha olmasının əsas səbəblərindən biri yanacağın baha olmasıdır?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, nazir müavinin fikirlərində məntiqsizlik özünü göstərir:
“Çünki müqayisəni hansı ölkələrlə, şirkətlərlə apardığını söyləmir. Qeyd etsəydi ki, qiymətlər hansı ölkələrdən baha, hansından ucuzdur, o zaman daha məntiqli olardı.
Yanacağa gəldikdə isə, bütün aviaşirkətlər yanacağı eyni qiymətə alır. O zaman sual yaranır ki, niyə bəzi şirkətlərdə qiymət daha ucuzdur, AZAL-da isə daha bahadır? Yəni bu məsələlər başqa cür tənzimlənməlidir.
AZAL-ın qiymətlərinin baha olması yerüstü xidmətlərin də onun əlində cəmlənməsidir, onların baha olmasıdır. Eləcə də bazarda rəqabət mühitinin zəif olmasıdır. Doğrudur, son vaxtlar bu sahədə müəyyən irəliləyiş var və bir sıra şirkətləri bazara buraxıblar. Ancaq bu da yetərli deyil, rəqabəti tam yarada biləcək məqamlar deyil. Çünki buraxılan şirkətlər AZAL-ın uçmadığı istiqamətlərə uçurlar.
Eyni istiqamətlərdə uçuşlar həyata keçirilsəydi o zaman rəqabət yaranardı. Ona görə də AZAL-la bağlı problemlərin həllində rəqabətli mühitin gücləndirilməsi və yerüstü xidmətlərin başqa şirkətlərə təhvil verilməsi daha önəmli rol oyanaya bilər.
Bundan başqa Azərbaycanda boş qalan hava limanları var ki, Lənkəran, Zaqatala, Gəncə, Qəbələ Füzuli, Naxçıvan kimi hava limanlarından da xaricə uçuşların təşkili daha yaxşı olar. Həm regionların inkişafına müsbət təsir göstərər, həm də rəqabət mühitini artıra bilər”.
Cebhe.info