“Nikosayağı” məhkəmədə Allaha üsyan etdi, dindarlar qəzəbləndi - AÇIQLAMA

nikosayagi-mehkemede-allaha-usyan-etdi-dindarlar-qezeblendi-aciqlama-1709818969
|
|

Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” ləqəbi ilə tanınan məhşur sosial media fenomeni Nicat Şakirlinin məhkəmə prosesi baş tutub. O, hakim qarşısında ifadə verərkən, bütün məsuliyyəti öz üzərinə götürdüyünü etiraf edib və veriləcək cəzanı qəbul etdiyini bildirib. Əlavə edib ki, Allah onsuz da mənim cəzamı verib. 

Maraqlıdır, görəsən, Nicat başına gələn bu hadisəni niyə ilahi qüvvə tərəfindən ona göndərilən cəza olaraqmı qəbul edir? Ümumiyyətlə, bütün insanlar niyə hər hansı bir faciə, bədbəxt hadisə ilə qarşılaşdıqda belə düşünür? Bunun dində izahı necədir? 

Sözügedən fikirləri  şərh edən ilahiyyatçı Ağa Hacıbəyli bu məsələyə belə izah verib: 

“Yer üzündə yaşayan bütün insanların mütəmadi olaraq günah etmək ehtimalları çoxdur. Çünki insan nəfs daşıyan bir varlıqdır, həm də kamil bir mürşid səviyyəsində deyil. İnsan qəlbi, həyatı, bədəninə diqqət yetirdiyi kimi, eyni zamanda nəfsi istəklərinin içərisində də boğulub gedə bilir. Hər günaha görə Allah-Təala insana cəza versə idi, yer üzündə cəzasız adam qalmazdı. Bu dini qaynaqlardan gələn məlumatdır. Dünyada cəza verilir, doğrudur. Bunu bir çox peyğəmbərlərin həyat hekayəsini oxuyanda da görmək mümkündür. Nuh peyğəmbərin dövründə gəmiyə daxil olan insanlar xaricində yer üzünün dörd-bir tərəfindəki bütün kafirlər suya qərq olaraq məhv olublar. Lut peyğəmbərin dövründə də belə bir hadisə yaşanmışdır. Digər qövmlərin də varlığında oxşar toplu cəzalar müşahidə edilib. Məsələ günümüzə gəlincə, indi də insanlar belə cəzalarla qarşılaşa bilər. Amma heç kəs iddia edə bilməz ki, başıma gələn hər hansısa hadisə etdiyim günaha görədir. Bunun təspiti, isbatı olduqca mürəkkəb bir məsələdir”. 

İlahiyyatçı vurğulayıb ki, başımıza hər hansı mənfi olay gəldikdə, biz onu imtahan kimi qəbul etməliyik: 

“İnsan həyatda daim imtahan içərisindədir. Hər kəsin bir qədəri var. Hadisələr baş verir, kimi yaralanır, kimi rəhmətə gedir. Hamının imtahanı fərqlidir. Qurani-Kərimdə rəbbimiz deyir ki, biz sizi malınızla, canınızla, övladlarınızla sınağa çəkəcəyik. Belə hadisələri də cəza yox, imtahan olaraq qəbul etmək daha doğru olar. Çalışmaq lazımdır ki, həmin imtahandan alnımız ağ çıxa bilək. 

Allah insanlara bu qədər gözəl nemətlər bəxş edib ki, insanlar onun haqqını verə bilmir. Bir çox hallarda da verilən cəzaları günaha yönəldirik. Belə olduqda, rəbbimiz hər hansı cəza verdikdə ah-nalə edirik ki, bu da düzgün hesab olunmur”.    / “Yeni Sabah”