Bakıda 150 ailə evləri bahalaşdırır?

Bakının Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə söküntü işlərinə başlanılıb.
Lakin əksər sakinlərlə razılığa gəlinsə də, hələ də tikinti şirkəti ilə müqavilə bağlamayanlar var. Hazırda isə 150 ailənin yarısı köçürülüb. Bakıda böyük söküntü işləri əmlak bazarına bir müddətlik də olsa silkələnmə effekti yaradır. Belə ki, bu halın mənzillərin qiymətinə təsir edəcəyi gözlənilir. Yeni mənzillərində qiymətin artması, kirayə bazarında da canlanma yaranması istisna deyil.
Mövzu ilə bağlı əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, söküntülər iki formada aparılır:
“Birinci qaydada dövlət ehtiyacı üçün evlərin alınması həyata keçirilir. Yəni hər hansısa bir inzibati binanın tikintisi, yol infrastrukturun yaradılması və digər işlər üçün alınır. Bu hallarda vətəndaşların əmlakı bazar qiyməti ilə dəyərləndirilir. Əlavə olaraq 20 faiz də artıq kompensasiya ödənilir. Bu tip hallarda vətəndaşlar qiymətlərlə razı olmurlarsa, özəl qiymətləndiricilərə müraciət edib öz əmlaklarının qiymətini müəyyənləşdirib məhkəmə mübahisəsi qaldıra, hətta 20 faizdən artıq əlavə kompensasiya tələbi irəli sürə bilərlər.
Digər köcürmə məsələsi isə pilot lahiyədir. Buraa qəzalı binalar, mənzillər və fərdi yaşayış yerlərini əlavə etmək olar. Həmin evlər sökülür, yerində yeni, çoxmərtəbəli binalar tikilir. Bu cür hallarda tikinti işləri bir qədər yubanır. Çünki bəzi mənzil sahibləri tikinti şirkəti tərəfindən verilən kompensasiya ilə razılaşmırlar. Tikinti prosesi yubanlr. Tikinti ləngidiyinə görə tikinti şirkəti məcburən köçürdükləri ailələrə əlavə olaraq uzun müddət kirayə pulunu ödəməli olur.
Beləliklə vaxtında binanı tikib təhvil verə bilmir. Burada sakin və şirkət arasında mübahisə yaranır, tərəflər mübahisəni məhkəmədə həl etməyə çalışırlar”.
Ekspert qeyd edib ki, tikinti şirkətləri tərəfindən sökülən mənzillər tam qəzalı vəziyyətdədir:
“Qəzalı vəziyyətdə olan binaların söküntüsü həyata keçirilməlidir. Bu proseslər bədbəxt hadisələrin qarşısını almaq üçün vaxtında olmalıdır. Lakin ölkəmizdə bu proseslər bir qədər ləngiyir. Bunun da səbəbi bəzi sakinlərin verilən kompensasiyadan artığını tələb etməsidir. Elə hallara görə digər sakinlər kirayədə qalmalı olurlar və tikinti şirkəti üzərinə götürdüyü öhtəliyi tamamlaya bilmir.
Yaxşı olardı qəzalı vəziyyətdə evləri olan sakinlər tikinti şirkətləri ilə anlayışlı davransınlar və ortaq məxrəcə gəlsinlər”.
Həmsöhbətimiz bildirib ki, çoxmərtəbəli binaların sayı artdıqca mənzillərin qiyməti bahalaşa bilər:
“Bakıda qəzalı vəziyyətdə olan evlərin söküntüsündən sonra yeni tikili mənzillər tikilərək yaşayış üçün istismara veriləcək. Lakin qəzalı binaların sayı az deyil. Ancaq “Kubinka” kimi tanınan ərazidə 150 ailənin köçürülməsindən sonra yerinə tikiləcək binalarda qiymətlərin daha baha təklif olunacağı gözlənilir. Lakin qiymətlərin nə qədər olacağı hələlik məlum deyil. Ancaq ümumən götürdükdə köhnə binaların yerində tikilən yeni mənzillərin qiyməti dəyərindən bir qədər baha təklif edilir”.
Ekspert qeyd edib ki, “Kubinka”da tikilən yeni mənzillərin qiyməti paytaxt üzrə binaların qiymətlərin artmasına səbəb olmayacaq:
““Kubinka” ərazicə şəhərin mərkəzində yerləşsə də, az ərazini əhatə elədiyi üçün paytaxtda ümümi qiymət artımına gətirib çıxarmayacaq”. /
“Cebhe.info”