Kreditlə TORPAQ SATIŞI: Bakıda 1 sotu yarım milyon olan torpaqlar...

"Torpağın ipoteka yolu ilə alınıb-satılması qanunvericiliklə mümkündür. Qanun buna hər hansı məhdudiyyət qoymur. Sadəcə, həmin torpaq sahəsinin ipoteka yolu ilə satılması üçün torpağın mülkiyyətdə olmasına ehtiyac var".
Bunu torpaq sahələrinin kreditlə satışı mövzusunda Referans.az-a əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı deyib.
Ekspert bildirir ki, torpaq sahəsi əgər mülkiyyətdə deyilsə, ipoteka yolu ilə satılması mümkün deyil:
"Hesab edirəm ki, banklar əgər buna maraq göstərərlərsə, bu optimal məhsul hesab olunarsa, vətəndaşlara belə təklif imkanı yaradarlarsa, təbii ki, vətəndaşların bu istiqamətdə banklara müraciətləri arta bilər. Azərbaycanda son illərdə sənədsiz torpaqların dövrisiyyəsi xeyli dərəcədə azalıb. Sənədsiz torpaqlar üzərində tikilən fərdi yaşayış evlərinin sayı azalıb. Bu istiqamətdən baxsaq, vətəndaşlar mülkiyyətdə olan torpaq sahələrini alıb, ev tikmək istəyərlər. Torpağın qiyməti yerləşdiyi ərazidən, sahəsindən asılı ola bilər".
Ekspert deyir ki, elə torpaq sahəsi var ki, bir sotunun dəyəri 5 min manatdır, eləsi də var ki, 500 min manatdır:
"Kreditlə torpaq satışına nadir hallarda rast gəlinir. Araşdırma aparsaq, bazarda ən ucuz ərazilər Türkan, Hövsan və digər istiqamətlər hesab olunur. Bahalı torpaq sahələrinə gəldikdə, şəhərin müxtəlif sahələri ola bilər. Hətta, elə torpaqlar var ki, 1 sotunun dəyəri yarım milyon manatdan bahadır. Bu mərkəzi hissələrə, Sahil, İçərişəhər aiddir".
Müsahib qeyd edir ki, əvvəlki illərdə banklarda girov qoyandan sonra dəyəri ödənilməyən xeyli torpaq sahələri qaldı ki, bunlar əksəriyyəti banklar üçün əlavə problemlər yaratdı. Məhz bu səbəbə görə banklar torpaq məsələsinə elə də önəm vermir: "Məsələn, torpaq girov qoyulub, biznesin inkişafı, istehlak, tikinti üçün pul götürülüb və s. Girov qoyulan torpaq sahələrinin çoxu bankarda "batıb". Dəyərindən artıq qiymətləndirildi, sonradan bu torpaqları vətəndaşlar geri qəbul etmədilər. Banklar sonradan belə torpaqları sata bilmir. Ona görə də banklar bu məsələyə elə də maraq göstərmədilər".
Şəlalə Babayeva