16 milyonluq mənimsəmədə ittiham olunan MMC rəhbərinin cinayət dosyesi – MƏHKƏMƏ BAŞLAYIR

Bakı Ağır Cinayətlər Məhkəməsinə Ramin İsayevin cinayət dosyesi göndərilib. 16 milyon mənimsəmədə ittiham olunan Ramin İsayev “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktorudur.
Onun cinayət dosyesi hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin olunub. Ramin İsayev ötən il Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat müəyyən edilib. Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib. Bu müddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Harvard Universitetinin məzunu olduğu bildirilən Ramin İsayev ittihamları qəbul etmir, özünü ittiham üzrə təqsirli bilmir.
Xatırladaq ki, Ramin İsayev 2020-ci ilin oktyabrına qədər “Socar AQŞ” MMC-nin direktoru olub. Həmin il onu bu postda Samir Mollayev əvəzləyib.
2007-ci ildə yaradılan MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.
Ramin İsayevin vəzifəsindən uzaqlaşdırılandan sonra Azərbaycan əsilli rusiyalı sahibkar Mətləb İsmayılova “Socar AQS” arasında məhkəmə çəkişmələri başlayıb.
2015-ci ildə “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC ilə icarə, alqı-satqı və daşınma xidmətlərinin göstərilməsi müqaviləsini imzalayıb: birinci şirkətlə torpaq sahəsinin icarəsi, ikinci şirkətlə isə avadanlığın icarəsi, fərdi mühafizə vasitələrinin alqı-satqısı və daşıma xidmətlərinin göstərilməsi. Bir neçə il “Socar-AQŞ” MMC icarə haqqını, alınmış malların və göstərilən xidmətlərin dəyərini vaxtında ödəyib. Amma sonra birdən-birə ödənişlərdə problemlər başlayıb. Bununla yanaşı, “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC tərəfindən təqdim olunan hesab-fakturaların düzgünlüyünü daim təsdiq edib. Heç bir etiraz olmayıb. Buna baxmayaraq, ödənişlər də olmayıb. Məhz bu səbəbdən də sonda “Ulduz” firması və “Baker Energy Services” QSC məhkəməyə müraciət etməyə məcbur olublar. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il və 9 iyul 2021-ci il tarixli qərarları ilə “Socar-AQŞ” MMC-dən “Ulduz” firmasının xeyrinə 1,3 milyon dollar, “Baker Energy Services” QSC-nin isə xeyrinə 1,3 milyon dollar və 0,98 milyon manat məbləğində vəsaitin tutulması qət edilib. “Socar-AQŞ” MMC hər 2 qərardan əvvəlcə Bakı Apelyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə şikayət verib. Bütün məhkəmə instansiyaları 2022-ci ilin əvvəlində qüvvəyə minmiş və icra edilməli olan birinci instansiya məhkəməsinin qərarlarının düzgünlüyünü təsdiq ediblər. Və burada, sadə görünən bir məsələ gözlənilməz hal alıb. Əvvəlcə icraçılar fərqləniblər. Onlar 10-dan artıq bankda “Socar-AQŞ” MMC-nin hesablarına həbs qoymaqla məhkəmələrin qərarını icra etməyə başlayıblar. Az sonra isə vəziyyət gözlənilməz şəkildə dəyişib və məhkəmə icraçıları “Socar-AQŞ”nin hesablarını açıb. Ardından “Socar-AQŞ” MMC-nin müraciəti üzrə qüvvəyə minmiş məhkəmə aktlarının icrası üçün ona möhlət verib. Bu iş üzrə isə qarşı tərəfin razılığı olmadan “Socar-AQŞ”-yə möhlət verilib! Nəhayət, Ali Məhkəmə Plenumu da o zaman Ramiz Rzayevin rəhbərliyi altında işə qoşulub. “Socar-AQŞ” MMC guya yeni açılmış hallar əsasında qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. /
Musavat.com