Sabahdan Azərbaycanda internet qiymətləri QALXIR... - Bəs keyfiyyət? / RƏSMİ
Sabahdan Azərbaycanda internet qiymətlərində artım olacaq.
Bununla bağlı vətəndaşlar arasında narazılıqlar baş alıb gedir.
Onları maraqlandıran əsas sual artan qiymətlərin fonunda ən azından dillərə dastan olan internet problemlərinin həllini tapıb-tapmayacağıdır.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Mətbuat Xidmətindən Referans.az-a açıqlama verilib.
Qurumun media ilə iş üzrə baş mütəxəssisi Tural İbadlı bildirib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən mobil operatorlar və internet provayderlər dövlət tərəfindən tarifləri tənzimlənməyən xidmətlər üzrə qiymətləri və ödəniş qaydasını müstəqil müəyyən etmək hüququna malikdir.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurum olaraq qeyd edilən sahələrdə fəaliyyətləri daim diqqətdə saxlayır.
Belə ki, xidmət keyfiyyəti ilə bağlı ümumi tələblər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” ilə müəyyən edilib”.
İKTA-nın açıqlamasında əlavə olaraq qeyd edilib ki, telekommunikasiya sahəsində tənzimləyici qurum olaraq İKTA bu istiqamətdə monitorinq və müşahidələrini davam etdirir. Abunəçilər təqdim edilən internetin keyfiyyəti ilə bağlı narazı olduğu təqdirdə “E-Şikayət” (http://e-complaint.icta.az/) sistemi vasitəsilə müraciət edə bilərlər.
Fidan Vəlisoy