Azərbaycanda internet 25 manat OLDU

azerbaycanda-internet-25-manat-oldu-1723742468
|
|

  Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. 

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. 

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. 

Ancaq son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Yəni internet qiymətlərindəki dəyişiklik qərarı qüvvəyə minmədən öncə bir sıra şirkətlər vətəndaşlardan yüksək məbləğ tələb edirlər. 

Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Bəs baş verən proseslə bağlı müvafiq qurum bu istiqamətdə hansı tədbirləri həyata keçirir? 

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Cebheinfo.az”- a bildiriblər ki, hazırda faktiki araşdırma başlanıb: 

“Biz qeyd etmişik ki, ilkin əlamətlər var və Rəqabət Məcəlləsinin tələbləri pozulur. Buna görə də araşdırma başlanılıb. Hələ ki, faktiki görülən bir iş yoxdur. Araşdırmanın nəticələri olandan sonra biz daha ətraflı məlumat verəcəyik. İnternetin qiymətlərinin artırılması ilə bağlı bizə daxil olan vətəndaş müraciətləri çoxdur. Sadəcə bazarda ilkin araşdırma aparılıb ki, bu qiymətlər niyə görə artıb? Bu istiqamətdə ilkin araşdırmlara başlanılıb ki, Rəqabət Məcəlləsini pozulur, yaxud pozulmur? Hələ dəqiq nəticə yoxdur”.