Azərbaycanda BAYRAM GÜNLƏRİ ictimai nəqliyyat və parkinq PULSUZ OLACAQ?

azerbaycanda-bayram-gunleri-ictimai-neqliyyat-ve-parkinq-pulsuz-olacaq-1740045305
|
|

Dünya praktikasında bir çox ölkələrdə bayram günlərində ictimai nəqliyyat pulsuz xidmət göstərir.  Ölkəmizdə həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bayram günlərində də bu parklanma ödənişsiz ola bilərmi?  Eyni zamanda ölkənin iqtisadi vəziyyətini nəzərə alsaq ictimai nəqliyyatın da ödənişsiz xidmət göstərməsi nə dərəcədə mümkündür?  


Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur. Bununla yanaşı, yaşayış ünvanının 100 metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.




Agentlikdən verilən məlumatda o da qeyd edilib  ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqala) pulsuz istifadə edə bilərlər.


"Bununla yanaşı, “Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər. Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb",-deyə Dövlət Agenliyindən bildirilib.


Həmçinin mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da Referans.az-ın suallarını cavablandırıb. Ekspert açıqlamasında diqqətə çatdırıb ki, ölkəmizdə nəqliyyat özəl və dövlət strukturlarına ayrılır.  Dövlət strukturunda müəyyən şəxslər üçün müxtəlif güzəştlər tətbiq edilir.  Amma bu proses də metro və avtobuslardan istifadədə fərqlidir. Məlumdur ki, ölkəmizdə 5 yaşdan aşağı olan şəxslər bütün nəqliyyat vasitələrindən ödənişsiz istifadə edə bilirlər.  




Aslan Əsədov onu da bildirib ki,dövlət strukturlarında nəqliyyatdan pulsuz istifadə edilməsinə müəyyən təşəbbüslər ola bilər. Bununla bağlı müəyyən layihələr də reallaşdırıla bilər. 


"Lakin özəl sektordan bunu gözləmək çətindir. Çünki sahibkar vəsait sərf edib xarici ölkələrdən nəqliyyat vasitələri alıb xidmət göstərərək mənfəət əldə edir. Buna görə də kimsə belə sahibkarlardan pulsuz xidmət göstərməsini tələb edə bilməz. Burada yalnız iki yol var. Birincisi, sahibkar tərəfindən təşəbbüs irəli sürülə bilər. Bu da real deyil. İkinci versiya isə nəqliyyat üzrə sahibkar bu xidmətin müqabilində müəyyən bir dotasiya almalıdır ki, o da əvəzində belə bir addım ata bilsin.  Yəni həmin dotasiya sahibkar üçün faydalı olsun",- deyə ekspert qeyd edib.


Bünyamin Bünyadzadə

Referans.az