BEH NƏDİR? Beh razılaşması barədə QANUNDA NƏ VAR? - VƏKİLDƏN AÇIQLAMA

Daha çox alqı-satqı prosesləri zamanı yaşanan problemlərdən biri də məhz beh və ya öndəcən müəyyən məbləğdə ödənişlərlə bağlıdır. Bəzi hallarda isə verilən behi almaq üçün mübahisələr də yaranır. Azərbaycan qanunvericiliyində beh anlayışı varmı? Varsa ödənilən behin qaytarılması mümkündürmü? Hansı hallarda beh geri qaytarılmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ülviyyə Mirzəliyeva Referans.az-a açıqlama verib. Vəkil hesab edir ki, beh baş tutmayan müqavilə üçün bağlanılır. Avans isə artıq baş tutan müqavilə üçün ödənilən ödənişdir. Avansın qaytarılıb qaytarılmaması isə bağlanılan müqavilənin prinsiplərindən asılıdır.
Ülviyyə Mirzəliyeva həmçinin alğı -satqı zamanı beh və avans məsələrində maraqlı məqamlara diqqət çəkib. O, qeyd edib ki, kimsə öz əmlakını satmaq istəyir lakin alan şəxs isə bildirir ki, əmlakın pulunu bu gün ödəyə bilmədiyi üçün sabah ödəməli olacaq. Yəni bu zaman alğı-satqı prosesi vaxtla məhdudlaşdırılmış olur. Əgər sabah alıcı tərəfindən alğı-satqı mümkün olmursa, o zaman beh məbləği geri qaytarılmır. Əgər vəziyyət əksinə baş verirsə bu zaman isə beh ikiqat məbləğində satıcı tərəfindən ödənilməlidir.
"Avans məbləği sırf müqaviləyə uyğun şəkildə ödənilən ilkin ödəniş olduğu üçün sonradan alqı-satqıda problemlər yarandıqda əmlak geri verilməlidir. Bu vaxt isə ilkin ödəniş də geri qaytarılmalıdır",- deyə vəkil əlavə edib.
Bünyamin Bünyadzadə
Referans