Elm dünyasında yenilik: Bildiyimiz adi taxtalar süni sümük ola bilər! 

elm-dunyasinda-yenilik-bildiyimiz-adi-taxtalar-suni-sumuk-ola-bilernbsp-1746532665
|
|

Təbiət elmə yol göstərir! Gözlənilməz bir istiqamətdə irəliləyən tədqiqatlar nəticəsində, alimlər illərlə bəzək əşyası və tikinti materialı kimi tanınan taxtanı — bəli, düz eşitdiniz, taxtanı — insan bədəninə uyğun biomaterial kimi test etməyə başlayıblar! Kanada və Avropa alimlərinin birgə apardığı laboratoriya sınaqları göstərir ki, xüsusi texnologiyalarla işlənmiş taxta parçaları sümük toxuması ilə struktur baxımından təəccüblü dərəcədə oxşardır. Bu isə onu ortopedik implantlar, süni sümük əvəzləyiciləri və hətta bədən daxili qurğular üçün əvəzolunmaz təbii alternativə çevirə bilər.


Tədqiqatçılar bildirirlər ki, taxta təkcə dayanıqlı və elastik deyil, həm də ekoloji baxımdan tam təhlükəsiz və bədənlə yüksək səviyyədə uyğunlaşma qabiliyyətinə malikdir. Ən maraqlısı isə odur ki, bu material bəzi sintetik alternativlərdən fərqli olaraq bədəni zəhərləmir və parçalanmır. Əgər bu araşdırmalar uğurla davam edərsə, yaxın gələcəkdə insanlar metal və plastik əvəzinə ağac liflərindən hazırlanmış süni sümük parçaları ilə yaşaya biləcək! Elm bizi haraya aparacaq, bilinməz… Amma aydın olan bir şey var: Gələcəyin implantları laboratoriyadan çox, meşədə doğulur! 


Taxta implantlar gələcəyin tibbində yeni ümidlər və suallar doğurur Orqanizmdə zədələnmiş və ya funksiyasını itirmiş toxumaları əvəz etmək üçün yeni material axtarışları davam edir. Son zamanlar diqqət mərkəzində olan üsullardan biri də taxta əsaslı implantlardır.


Tibbi məsələlər üzrə ekspert Adil Qeybullanın Referans - a olan açıqlamasına görə, bu sahədə aparılan tədqiqatlar genişlənməkdədir və ilkin nəticələr ümidverici olsa da, məsələ hələ də çoxsaylı suallar doğurur.


Ekspert qeyd edir ki, müasir dövrdə həm xəstəliklərin artması, həm də texnogen fəlakətlərin təsiri ilə canlı orqanlara olan tələbat sürətlə yüksəlir. Bu səbəbdən elm adamları həm allotransplantatlar, həm də heterotransplantatlar üzərində çalışır.


“Xüsusilə donuz orqanlarının insanlara köçürülməsi ilə bağlı bəzi uğurlu təcrübələr var”


Bununla yanaşı, dayaq-hərəkət sistemi sahəsində — xüsusilə oynaqlar və sümüklər üçün — artıq uzun illərdir müxtəlif sintetik materiallardan istifadə olunur. Onlar orqanizmə uyğun, dözümlü və reaksiyaya səbəb olmayan materiallardır. Yeni ortaya çıxan taxta implantlar isə bu istiqamətdə maraqlı yeniliklər vəd edir. Əvvəllər də müəyyən səviyyədə tətbiq olunan bu materiallarla bağlı tədqiqatların son zamanlar vüsət aldığı bildirilir. Taxta da canlı toxumadır və bu istiqamətdə aparılan işlərdə məqsəd həyat keyfiyyətini yaxşılaşdırmaq və insan həyatını xilas etməkdir,” – deyə ekspert vurğulayır. Bununla belə, Adil Qeybulla ekoloji tarazlığa da diqqət yetirilməsinin vacibliyini qeyd edir.




"Bitki resurslarının da sonsuz olmadığını xatırladan mütəxəssis, bu texnologiyaların geniş tətbiqinin ekoloji problemlər yaratmaması üçün öncədən ölçülüb-biçilməsi gərəkdiyini bildirib. Yeni materialların istifadə olunub-olunmayacağına yalnız zaman qərar verəcək. Əsas məqsəd insan həyatının qorunmasıdır. Lakin bu, təbiətə zərər vermədən baş verməlidir,” – deyə Adil Qeybulla fikrini tamamlayıb.


Gülgəz Qədirova

Referans.az