Gənclər ölkədə qalmaq istəmir... - Azərbaycan NƏLƏR İTİRƏCƏK?

Azərbaycanda son illər minlərlə gənc və peşəkar kadr yaxşı əməkhaqqı və inkişaf imkanları üçün xaricə üz tutur. Təhsilini və təcrübəsini ölkə hüdudlarından kənarda dəyərləndirməyə çalışan bu insanlar beyin köçünü sürətləndirir. Ekspertlər isə xəbərdarlıq edir ki, əgər müvafiq islahatlar aparılmasa, Azərbaycanın ən böyük itkilərindən biri insan kapitalı olacaq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Fazil Mustafa Referans.az-a açıqlamasında bildirib ki, bu köçün əsas səbəblərindən biri ölkədə məşğulluq imkanlarının yetərincə olmaması.
“Bu, birinci növbədə iş yerlərinin azlığı ilə bağlıdır. Regionlarda iş yerləri ilə daha ciddi şəkildə məşğul olunmalıdır. Məşğulluq problemləri həll olunmalıdır. Təkcə gənclərin ölkədən çıxması deyil, həm də regionlardan paytaxta axın məsələsi də narahat olunmalı məsələlərdəndir. Bu şəxslərin də regiona qayıtması üçün orada yaşayış üçün münbit şərait yaradılmalıdır. Sosial dayanışma, müəyyən mədəni mühit sağlamlaşdırılmalıdır ki, ora qayıda bilsinlər. Təsəvvür edin ki, bölgədə domino oynamaqdan, çayxanalarda vaxt keçirməkdən başqa digər alternativ mədəni infrastrukturların azlığı yaxud da effektiv çalışmaması problem yaradır”.
Deputat qeyd edir ki, azad sahibkarlığı inkişaf etdirməklə də həm ölkədən köçən şəxslərin, həm də paytaxta axının qarşısını almaq olar.
“Bölgədə sahibkarların sayı çox olduqda, bölgənin də inkişafı üçün müəyyən addımlar atmağa maraq göstərilər. Hər şeyin dövlətin əli edilməsi, bütün yükün dövlətə yönəldilməsi də doğru deyil. Yerlərdə sahibkarlığın inkişafının real vəziyyəti bir daha gözdən keçirilməlidir, həyat canlanmalıdır”.
Fidan Vəlisoy