Market və restoranların YENİ FIRILDAĞI - Vətəndaşlar niyə kartdan-karta ÖDƏNİŞ EDİR?

market-ve-restoranlarin-yeni-firildagi-vetendaslar-niye-kartdan-karta-odenis-edir-1692606598
|
|

Alıcıları “ƏDV Geri Al” layihəsinə cəlb etməklə vergi ödəyicilərinin dövriyyəsinin artırılmasına nail olunub. İl ərzində təqribən 200-300 milyon manat vəsait dövlət büdcəsindən vətəndaşlara geri qaytarılır. Bu, ilk baxışda büdcə üçün ağır maliyyə itkisi olsa da, vətəndaşların vergi ödəyicilərindən kassa çeki tələb etməsi vergi dövriyyəsini iki-üç dəfə artırıb. Dövlət də öz növbəsində vergi daxilolmalarından fayda əldə edir.


Bəlkə də, bir çoxunuz gündəlik həyatınızda hər hansı bir yerdən alış-veriş edərkən, aldıqlarınızın pulunu kartla ödmək istədikdə satıcı sizə POS-terminalın xarab olduğunu və ya enerjisinin bitdiyini deyərək pulu kartdan karta atmağı təklif edib. Əvvəllər bu vəziyyətlə çox nadir hallarda rastlaşırdıqsa, indi demək olar ki, ölkdə fəaliyyət göstərən restoran, mağaza və geyim marketlərinin əksəriyyətində bunun şahidi oluruq.

Bəs bu nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu onların vergidən yayınmaq üçün istifadə etdiyi bir yoldur:


“Azərbaycanda İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən bir sıra maarfiləndirici tədbirlərin, eyni zamanda reklamların həyata keçirilməsinə baxmayaraq bu gün bir sıra vergi ödəyiciləri, sahibkarlar müxtəlif vasitələrlə dövriyyələrini gizlətməyə çalışırlar. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan əsasən də, alış-veriş və o cümlədən xidmət sahələri ilə xidmət sahəsinin subyekti olan sahibkarlar birmənalı şəkildə istehlakçılar tərəfindən ödənilən ödənişlərin elektron POS-terminallar vasitəsi ilə və kassa aparatlarından müvafiq əməliyyatı təsdiq edən çekin çıxarılması ilə alqı-satqı və xidməti rəsmiləşdirmiş olurlar”.


Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən bank kartları vasitəsilə ödənişlərin icra olunması istənildikdə, sahibkarlar tərəfindən guya POS-terminalların işləməməsi və ya enerjisinin olmaması barədə müxtəlif bəhanələr gətirilir. Onun sözlərinə görə, bu bahənələr tamamilə əsassızdır və buna görə, vətəndaşlardan kartdan-karta pulun köçürülməsinin istənilməsi qanunsuzdur: “ Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, onlar kassa çekini almamaqla pulu öz kart hesablarından sahibkarın kart hesabına göndərməklə sabah həmin mallarda yaranmış defektliyi və çatışmazlığı mağazaya sübut edə bilməyəcək. İş məhkəmə prosesinə belə çıxarsa, sahibkar deyəcək ki, məndən bu malı aldığına dair sübut göstərsin. Belə olan təqdirdə kartdan-karta köçürmək isə məhkəmə üçün sübut olmayacaq”.




Buna görə də, vətəndaşlar kassa çeki tələb etməlidirlər və ödənişi nağdsız şəkildə ödəmək istədikdə onların bu hüquqları təmin olunmalıdır. Sahibkarlar bu yolla dövrüyyələrini gizləmiş olurlar və vergidən yayınırlar. Nəticə etibarilə bu inzibati və cinayət məsuliyyətinə səbəb olan səbəbdir. Bu halla qarşılaşan vətəndaşlar şikayət edərsə, həmin vergi ödəyicisi birinci dəfə üçün 1000 manat, il ərzində ikinci dəfə üçün 3000 manat, dördüncü dəfə üçün isə həmin vergi ödəyicisi 6000 manat cərimə olunur – deyə Ramil Süleymanov qeyd edib.


Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov isə bildirib ki, dünyanın bir çox ölkəsində belə hallar baş verir:


“Bu kimi halları biz əsasən POS-terminallardan imtina kimi qiymətləndiririk. Bunun ən böyük səbəbi isə restoran, market və ya başqa bir yer vergidən yayınmış olur. Dünyanın heç bir ölkəsində bunun həlli yoxdur. Yəni burada daha çox sahibkarın məsuliyyəti və vətəndaşın tələbi əsas rol oyanayır. Bu birmənalı olaraq vergidən yayınmadır. Çünki POS-terminal ödəniş edildiyi zaman onun 1 faizi tutulur və digər tərəfdən ödənilən məbləğlər vergidə sistemə düşür. Buna görə də bəzi sahibkarlar çalışır ki, pulu kartdan-karta ataraq vergidən yayınsınlar”.


Ekspert əlavə edib ki, bu kütləvi hal aldığı zaman həmin restoran və ya market aşkarlanır. Son zamanlar M10-la da ödənişlərin edilməsi təklif olunur. Onlar bu yolla vergidən yayınacaqlarını düşünürlər, amma bu gələcəkdə onlara daha böyük problemlər yaradacaq.


Aqil Qarayev