Almaq istədiyiniz məhsulun üzərində qiymət yoxdursa... - Hüquqşünasdan AÇIQLAMA

Vətəndaşlar
bəzən satılan məhsulların üzərində qiymət göstəricilərinin olmaması ilə
rastlaşırlar. Bu hala, xüsusilə, bazar, kiçik mağaza, köşk və s. tipli satış məntəqələrində
rast gəlinir. Həmin yerlərdə fəaliyyət göstərən satıcıların məqsədi müştərinin
görünüşünə uyğun qiymət təyin etməkdir ki, bu da istehlakçı haqlarının
pozulması deməkdir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Referans.az-a bildirib ki, məhsulların qiymətinin
üzərində qeyd olunması məsələsi qanunda da öz əksini tapıb və buna əməl etməyənləri
cərimə gözləyir.
“Pərakəndə
ticarət nöqtələrində və ictimai iaşə obyektlərində satılan məhsulların qiymətləri
mütləq üzərində olmalıdır. Bu həm istehlakçıların hüquqlarının müdafiəsi
qaydalarından irəli gəlir, həm də Nazirlər Kabinetinin bu tip pərakəndə
alış-verişin tənzimlənməsi qaydalarında əks olunub. Məhsulun satış qiymətini üzərinə
yazmayan şəxslər qanunu pozur. Bu şəxslərlə bağlı İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tədbirlər görə bilər, cərimələr tətbiq oluna bilər.
Hətta vətəndaş belə hallarla qarşılaşdıqda məhkəməyə də müraciət edə bilər. Vergi
orqanları da bununla bağlı müəyyən işlər görə bilər, çünki belə hallarda vergidən
yayınma da ola bilər. Vətəndaş alqı-satqı prosesində bir növ satıcı ilə müqavilə
bağlıyır. Bu, şifahi müqavilədir. Şifahi müqavilə bir tərəfin təklifi, digərinin
isə qəbulu nəticəsində bağlanır. Buna Mülki hüquqda da oferta (təklif) və aksept
(qəbul) deyilir. Biz məhsula baxırıq, bəyənirik, qiymətinə nəzər yetiririk, əgər
qiyməti də bizə uyğundursa, kassaya gedirik və bu o deməkdir ki, biz bunu qəbul
etdik. Amma qiymət üzərində olmasa biz onu qəbul edə bilmərik. Buna görə də pərakəndə
satış nöqtələrində mütləq məhsulların qiyməti göstərilməlidir”.
Fidan Vəlisoy